8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinə xidmətin elektronlaşdırılması innovativ həllər yaradır

  • Vergi inzibatçılığının təkmilləşdirilməsində, o cümlədən xidmət seqmentində çoxsaylı rəqəmsal texnologiyalardan istifadə edilir.

  • "Asan İmza" şəxsi kabineti istifadəçilərin vaxtına qənaət etməyə və əməliyyatları qısa müddətdə yerinə yetirməyə yönəldilmiş virtual köməkçidir.

İqtisadi sahədə rəqəmsal texnologiyaların tətbiqinin sürətləndirilməsi innovativ biznes modelləri və müasir xidmət şəbəkəsinin yaradılmasına təkan verir. Rəqəmsal həllərin tətbiqi ilə xidmətlər daha sürətli, dəqiq və çevik yerinə yetirilir. Vergi inzibatçılığının təkmilləşdirilməsində, o cümlədən xidmət seqmentində çoxsaylı rəqəmsal texnologiyalardan istifadə edilir. Xüsusilə sahibkarlıq subyektlərinin qeydiyyatı, vergi hesabatlarının təqdim edilməsi və vergilərin ödənilməsi, kargüzarlıq işlərinin təşkili və vergi ödəyicilərinə xidmət sahələrində elektron həllərə üstünlük verilməsi uzun illərdir ki, uğurla davam etdirilir.

70-dən çox elektron xidmət...

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ümumilikdə 160 xidmət göstərilir ki, onlardan da 78-i tam, 43-ü isə qismən elektronlaşdırılıb. Hal-hazırda müasir standartlara cavab verən, vergi ödəyicisi üçün daha sadə, əlçatan yeni elektron kabinetin (internet portalının) yaradılması prosesi həyata keçirilir və məhdud sayda xidmətlər artıq həmin portal vasitəsilə təqdim olunur. Elektron xidmətlərin sayının genişləndirilməsi və daha da müasirləşdirilməsi istiqamətində müntəzəm olaraq zəruri işlər həyata keçirilir. Vergi ödəyicilərinin bir sıra əməliyyatlarının mobil tətbiq üzərindən sadə şəkildə icrasının təmin edilməsi, İnternet Vergi İdarəsinin imkanlarından daha rahat və çevik yararlanması, eyni zamanda ödəyicilərin elektron kabinetlərinə göndərilən məktublar haqqında daha tez və vaxtında məlumat alması, vergi, sosial sığorta və icbari tibbi sığorta haqları ilə bağlı öhdəliklərini vaxtında icra etmələri məqsədilə elektron kabinetin mobil tətbiqi yaradılır. Bunlarla yanaşı, “Bəyannamələrin əvvəlcədən doldurulması”, “Elektron vergi konsaltinqi”, “Biznes mühitini və vergi yükünü araşdır”, “Reytinq” (“Vergi əməletməsinin qiymətləndirilməsi”), “Kontr-agentləri araşdır”, “Dərhal, QR kodla təsdiq edilməklə arayışların verilməsi” interaktiv elektron xidmətlərinin yaradılması istiqamətində müvafiq işlər aparılıb və hazırda proses davam etdirilir.

"DVX bot" – operativ xidmət

DVX tərəfindən sosial şəbəkələrin imkanlarından da geniş istifadə olunur. Təsadüfi deyil ki, qurum tərəfindən "DVX bot" (http://t.me/xidmetbot) adlı çat-bot tətbiqi hazırlanıb. Bu xidmət vasitəsilə vergi ödəyicilərinə DVX-nin xidmət mərkəzlərinin ünvanları və borcları barədə müvafiq məlumat almaq, kalkulyatorda hesablamalar aparmaq və digər imkanlar yaradılır. Vergi ödəyiciləri, həmçinin, öz seçimlərinə əsasən tədiyyələr üzrə bəyannamələrin (hesabatların) təqdim olunması və vergilərin ödənilməsi müddətləri barədə məlumat əldə edə, eləcə də hər hansı bəyannamə üzrə seçim etməklə, həmin bəyannamənin təqdim olunma tarixinə bir neçə gün qaldıqda, xatırlatma mesajı ala bilirlər. Bundan əlavə, DVX tərəfindən göstərilən bir sıra xidmətlər - tələb edilən və xidmətin göstərilməsinə əsas verən sənədlər, xidmətin göstərildiyi yer və ya platforma, icra müddəti və xidmətin nəticəsində təqdim olunan sənədlər barədə məlumatları əldə etmək mümkündür.

Növbəti mərhələdə bəyannamələrin tərtib edilməsinə dair aktual məsələlər, vergilər üzrə ümumi məlumatlar, vergilərin ödənilməsi qaydası, müddətləri və s. bu kimi vətəndaşları ən çox maraqlandıran suallar üzrə məsələlərə aydınlıq gətirilməsi nəzərdə tutulub.

Bu ilin 10 ayında 278.950 “Asan İmza” sertifikatı verilib

DVX tərəfindən aparılan rəqəmsal transformasiya və vergi xidmətlərinin elektronlaşdırılması prosesinin davamı olaraq, “e-taxes.gov.az” portalında “Asan İmza” şəxsi kabineti fəaliyyət göstərir. "Asan İmza" şəxsi kabineti istifadəçilərin vaxtına qənaət etməyə və əməliyyatları qısa müddətdə yerinə yetirməyə yönəldilmiş virtual köməkçidir. Müasir rəqəmsal köməkçi bütün qurğularda - həm kompüterlərdə, həm də planşet və smartfonlarda əlçatandır. Abunəçilərin özlərinə aid bütün “Asan İmza” nömrələri və sertifikatlar haqqında məlumat almasına, istifadəçilərin elektron sistemlərində son 3 ay ərzində imzaladıqları bütün tranzaksiyalar, habelə rəhbər şəxslər tərəfindən işçilərin "İş" və ya "Dövlət və bələdiyyə" sertifikatları ilə xidmət istifadəçilərinin elektron sistemlərində imzaladıqları bütün tranzaksiyalarla bağlı ətraflı məlumatların əldə edilməsinə imkan verən portalın istifadəyə verilməsi vergi ödəyicilərinin bu sahədə fəaliyyətinə çevik dəstək verir. "Asan İmza" şəxsi kabinetində istifadəçiyə məxsus olan bütün "Asan İmza" sertifikatlarının etibarlılıq müddəti barədə ətraflı məlumat almaq və qüvvədə olan sertifikatların etibarlılıq müddətini artırmaq imkanları da yaradılıb.

Vergi ödəyicilərinin vaxt və resurslarına qənaət edilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən innovativ həllərin tətbiqi davamlı prosesdir və yeni layihələrin həyata keçirilməsi ilə bu tendensiya davam etdiriləcək.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?