9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanlarının fəaliyyətinə etimadı yüksəldən mexanizmlər tətbiq edilir

  • İqtisadiyyatın dayanıqlı olması üçün isə şəffaflıq vacib şərtlərdəndir.

  • Vergi xidməti əməkdaşlarının fəaliyyətinin effektivliyinə, qanunvericiliyə uyğun icrasına nəzarət olunur.

  • Şəffaflığın təmin edilməsinin mühüm şərtlərindan biri də insan kapitalının keyfiyyətinin artırılmasıdır.


Ölkəmizdə dayanıqlı iqtisadiyyatın qurulması qlobal çağırışlardan irəli gələn əsas hədəflərdən biridir. Pandemiya dövründə dünya iqtisadiyyatında baş vermiş mürəkkəb hadisələr göstərdi ki, daha yüksək rifahın təmin edilməsi üçün kənar təsirlərə qarşı davamlı iqtisadi sistemlər tələb olunur. İqtisadiyyatın dayanıqlı olması üçün isə şəffaflıq vacib şərtlərdəndir. Rəqəmsal mexanizmlərin tətbiqi, insan kapitalı, ictimai əməkdaşlıq, asan və səmərəli xidmətlə vətəndaş məmnunluğuna nail olmaq müasir iqtisadi islahatların əsas elementləridir. İqtisadiyyatın formalaşmasında mühüm rolu olan vergi sistemində həyata keçirilən tədbirlər bu prosesə layiqli töhfə verir.

Vergi orqanlarına nəzarət sistemi

Vergi orqanlarında daxili intizamın təmin edilməsinə, əməkdaşların fəaliyyətinin şəffaf prinsiplər əsasında qurulmasına və vergi ödəyiciləri ilə qanun çərçivəsində davranışların tənzimlənməsinə xüsusi diqqət yetirilir. Vergi ödəyiciləri ilə birbaşa təmasda işləyən dövlət qurumu olaraq bu gün vergi sistemində şəffaflığın təmin edilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili, dinamik və müasir idarəetmə prinsiplərinə söykənən vergi administrasiyasının formalaşdırılması əsas prioritetlərdir. Vergi sisteminin struktur vahid və bölmələrinin fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün təhlillər, daxili audit və xidməti araşdırmalar aparılır. Bu proses daim davam edir və vergi xidməti əməkdaşlarının fəaliyyətinin effektivliyinə, qanunvericiliyə uyğun icrasına nəzarət olunur. Bəzi hallarda vergi əməkdaşlarının himayəçilik etməsi, yaxud vergidən yayınmaq üçün ayrı-ayrı şəxslərə kömək etməsi, bəzən maraq toqquşmasına yol verilməsi və vergi qanunvericiliyinin tələblərinin düzgün tətbiq olunmaması nəticəsində yaranmış risklərlə bağlı hallar qeydə alınır. Vergi sistemində vətəndaş məmnunluğunun və əlçatanlığının təmin edilməsi məqsədilə “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament tətbiq olunur. Bu elektron xidmət vasitəsilə vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya ilə əlaqədar hüquqpozmalar və digər neqativ hallar barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış müvafiq linkə daxil olaraq onlayn məlumat verilməsi mümkündür. Vətəndaşların İqtisadiyyat Nazirliyinə və onun müvafiq qurumlarına müraciətlərinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə ölkənin istənilən regionundan İqtisadiyyat Nazirliyi və qurumlarına birbaşa zəng etməyə imkan verən vahid platforma – 195-1 Çağrı Mərkəzi yaradılıb.

Davamlı maarifləndirmə tədbirləri

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlarla, vətəndaş cəmiyyəti ilə məlumat mübadiləsi və səmərəli əlaqələndirmə işləri aparılır. O cümlədən, vergi orqanlarının əməkdaşları üçün təlimlər təşkil edilir. Belə tədbirlərdən biri “Dövlət vergi orqanlarında etik davranış qaydaları, məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimin keçirilməsi olub. Bundan başqa, regionlara səfərlər çərçivəsində bir sıra dövlət və bələdiyyə orqanları, o cümlədən rayon təhsil və səhiyyə müəssisələri, kənd ərazi icra nümayəndələri və digər büdcə təşkilatlarında çalışan işçilər üçün “Korrupsiya hüquqpozmalarına görə məsuliyyət” mövsuzunda maarifləndirici təlim təşkil olunub. Həmçinin “Korrupsiya ilə mübarizə və şəffaflığın təmin edilməsi: Dövlət Vergi Xidmətində görülən işlər” mövzusunda Dəyirmi Masa keçirilib. Dəyirmi Masada müstəqil ekspertlər vergi orqanlarının vəzifəli şəxsləri ilə birlikdə dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlər barədə fikirlərini bölüşüblər.

Bütün bunlarla yanaşı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən korrupsiya ilə mübarizə mövzusunda bukletlər, maarifləndirici videoçarxlar və materiallar təqdim olunur. Bu kimi tədbirlər vergi orqanlarının öz fəaliyyətində şəffaflığı təmin etmək istəyini ən bariz şəkildə nümayiş etdirir.

Daha yüksək hədəflərə doğru

Dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin mühüm şərtlərindan biri də insan kapitalının keyfiyyətinin artırılmasıdır. Çünki müasir dövlət idarəetməsinin ənənəvi funksiyaları ilə yanaşı, indi proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadə kimi bacarıqlar tələb olunur. Bu baxımdan vergi orqanlarının müasir biliklərə malik, şəffaf fəaliyyəti rəhbər tutan kadrlarla komplektləşdirilməsinə önəm verilir. Şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi ödəyiciləri üçün qurulan müraciət imkanları və əks-əlaqə sistemləri, rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlar dövlət vergi orqanlarında korrupsiya ilə mübarizənin sistemli şəkildə aparılmasının göstəricisidir və bütövlükdə vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsinə xidmət edir.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?