14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Riskli vergi ödəyiciləri kimlərdir?

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"na əsasən, bundan sonra həmin meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunacaq. Maliyyə üzrə ekspert Ramin Ramazanov meyarlar barədə konkret təsəvvür yaratmaq üçün meyarları misallarla izah edib.

Vergi ödəyicisi hansı hallarda riskli vergi ödəyicilərinin siyahısına düşür?

1. Aşağıda qeyd edilən riskli əməliyyatları apardıqda:

- Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Məsələn, idxal etdiyiniz mal Yük Gömrük Bəyannaməsinə əsasən ofis mebeli, satdığınız mal isə e-qaiməyə əsasən tikinti materialıdırsa, o halda riskli vergi ödəyicisi hesab olunacaqsınız.

- Vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə. Məsələn, tutaq ki, e-qaimə və ya Yük Gömrük Bəyannaməsi ilə 1.000 manatlıq mal əldə etmiş, lakin eyni dövrdə e-qaiməyə əsasən 10.000 manatlıq satış etmisiniz. Bu halda da siz riskli vergi ödəyicisi sayılacaqsınız (dövrün əvvəlinə kifayət qədər mal qalığı olmazsa).

2. Aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Məsələn, tutaq ki, sizin şirkətdə vergi orqanının əsaslandırılmış qərarı ilə operativ vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, malları təqdim etmədən əmtəəsiz əməliyyat aparmısınız. Bu halda siz riskli vergi ödəyicisi sayılacaqsınız.

3. İdxalçının, istehsalçının və ya idxalçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və ya qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə:

- Tutaq ki, "AA" MMC xaricdən idxal etdiyi malları satmaqla məşğuldur, lakin icarədə və ya özünə məxsus anbarı yoxdur. Yaxud şirkətin idxal etdiyi mal üçün ən azı 100 kvadratmetr anbar sahəsi tələb olunduğu halda o, 10 kvadratmetr anbar sahəsini icarəyə götürüb. Bu halda MMC riskli vergi ödəyicisi hesab olunur. Bununla belə, mallar bilavasitə sifarişçilərə təhvil verildiyi və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda, şirkət riskli vergi ödəyicisi hesab edilmir.

4. Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uyğun olmayan malların vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə:

- Tutaq ki, vergi nəzarəti zamanı məlum olur ki, təlim xidməti göstərən şirkət əldə etdiyi tikinti materiallarını sənədləşdirmədən təqdim edib. Bu halda həmin şirkət riskli vergi ödəyicisi hesab edilir. Burada vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna təşkil edir.

5. Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı üç dəfə artıq olduqda:

- Məsələn, tutaq ki, MMC 2020-ci ilin yanvar-iyun ayları üzrə 10.000 manatlıq malı idxal edib və ya e-qaimə əsasında əldə edib. MMC-nin 2020-ci ilin yanvar-iyun aylarına aid dövriyyəsi isə 2.000 manat olub. Bu halda, həmin şirkət riskli vergi ödəyicisi hesab edilə bilər. Lakin nəzərə almaq lazımdır ki, vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar olarsa, MMC riskli vergi ödəyicisi hesab edilməyəcək.

6. Yuxarıda qeyd edilən 5 bənd ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs. Riskli vergi ödəyicisi olan fiziki şəxs hər hansı hüquqi şəxsin rəhbəri və ya təsisçisi olduqda onun rəhbərlik etdiyi hüquqi şəxs də riskli vergi ödəyicisi hesab edilir.

7. Meyarların yuxarıda qeyd edilən ilk 5 bəndi ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs. Belə ki, riskli vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri və ya təsisçisi olduğu şəxs, digər hüquqi şəxslərin rəhbəri və ya təsisçisi olduğu halda həmin hüquqi şəxs və ya şəxslər də riskli vergi ödəyicisi hesab olunur.

8. Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər:

- Bu o deməkdir ki, 5 hüquqi şəxsin rəhbəri olan şəxs yeni biznes həyata keçirmək üçün 6-cı fiziki şəxsə rəhbərlik edəcəyi halda rəhbəri olduğu bütün hüquqi şəxslər riskli vergi ödəyici siyahısına daxil edilir.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?