Qeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?
Şirkətimiz Gürcüstan Respublikasının vergi rezidenti olan müəssisə ilə beynəlxalq avtomobil yükdaşıması xidmətlərinin göstərilməsi barədə müqavilə bağlayıb. Müqaviləyə əsasən, yükün daşınması Özbəkistan Respublikasının Daşkənd şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə həyata keçirilir. Daşıma xidmətinə görə ödəniş tərəfimizdən qeyd olunan qeyri-rezidentə ediləcək. Daşıyıcı tərəfindən 2026-cı il üçün Gürcüstan Respublikasının səlahiyyətli vergi orqanı tərəfindən verilmiş və apostillə təsdiqlənmiş Vergi Rezidentliyi Sertifikatı (Certificate of Residence) təqdim edilib.
Yuxarıda göstərilənləri nəzərə alaraq, bəzi suallara aydınlıq gətirilməsini xahiş edirik. Bu şirkətə beynəlxalq avtomobil yükdaşıması xidmətlərinə görə edilən ödənişlərdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalıdırmı? Göstərilən halda Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında gəlir və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin müddəalarının tətbiqi mümkündürmü? Daşıyıcının ölkəmizdə daimi nümayəndəliyinin olmaması və etibarlı Vergi Rezidentliyi Sertifikatının təqdim edilməsi halında şirkətimiz ödəmə mənbəyində vergi tutmadan ödəniş həyata keçirə bilərmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinin müddəalarına əsasən, beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır. Eyni zamanda, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.
“Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının 5.1-ci bəndinə əsasən, əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad olunması və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcıda doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” DTA-03 Ərizə forması təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq olunması ilə bağlı müraciət edə bilər.
Əlavə olaraq bildirək ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
