11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi güzəştləri ticarət mərkəzləri üçün əlavə imkanlar yaradacaq

Ölkəmizdə karantin rejimi tətbiq edildiyi gündən "mall" və ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması zərurətdən irəli gəlib: həmin sahələr insanların kütləvi toplaşma məkanıdır.

Bu gün "mall"arda təkcə ticarət müəssisələri deyil, iaşə obyektləri, kinoteatrlar və bir sıra xidmət sahələri yerləşir. Pandemiya ilə mübarizə çərçivəsində məhdudlaşdırma həmin məkanlarda fəaliyyət göstərən şəxslərin maliyyə vəziyyətinə təsirsiz ötüşməyib. Ümumilikdə həmin sahələrdə hansı problemlər mövcuddur?

Mövzunu şərh edən iqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, bu sahədə problemlər iki qrupa bölünür: "Bir qrup problemlər "mall" və ticarət mərkəzlərinin özlərinin düşdüyü durumla bağlıdır. Həmin obyektlər işləmədiyindən icarə haqlarının yığımı mümkünsüz olub. Nəzərə almaq lazımdır ki, qarşıdan postkarantin dövrü gəlir və həmin obyektlər açıldıqdan sonra dövriyyələr tədricən bərpa olunacaq və onda icarə haqlarının həcminə yenidən baxılmasına ehtiyac olacaq.

İkinci qrup problemlər isə "mall" və ticarət mərkəzlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərlə - sahibkarlarla bağlıdır. Problemlərin bir hissəsini artıq dövlət öz üzərinə gütürüb. Bura əməkhaqqı ödənişləri ilə bağlı dövlət dəstəyini və fərdi sahibkarlara verilən birdəfəlik ödənişləri aid etmək olar.

Növbəti addım isə Vergi Məcəlləsinə pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün müvafiq güzəştlərin verilməsini nəzərdə tutan əlavələrin edilməsidir.

"Mall" və ticarət mərkəzləri 2020-ci il üzrə əmlak və torpaq vergilərindən azad olunurlar. Əsas vəsaitlərin dəyəri şəffaf göstərilən "mall" və ticarət mərkəzlərində əmlak vergisinin həcmi əhəmiyyətli məbləğ təşkil edir. Bundan əlavə, həmin şəxslər mənfəət vergisi üzrə 75 faiz güzəşt əldə edəcəklər. Bu güzəştlərin verilməsi qarşılığında qanunvericilikdə əlavə şərtlər göstərilməyib. Lakin dövlət bu güzəştləri verərkən nəzərə alır ki, bunun qarşılığında mərkəzlər həm xərclərini azaldacaqlar, həm də onların icarədarlara əlavə güzəştlər etmək imkanları artacaq.

Həmin mərkəzlərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri də vergi güzəştləri və tətillərindən yararlana biləcəklər. Sadələşdirilmiş vergi ödəyicisi olan iaşə obyektləri həmin vergi üzrə 50 faizlik güzəşt alacaqlar. 8 faiz dərəcəsi ilə vergi ödəyən şəxslər 4 faiz, 2 faizlə (dövriyyəsi ardıcıl 12 ay ərzində 200 min manatdan az olan şəxslər) ödəyənlər isə 1 faiz dərəcəsi ilə ödəyəcəklər. Sadələşdirilmiş vergi ödəyicisi olmayan, mənfəət vergisi rejimində fəaliyyət göstərən iaşə obyektləri isə mənfəət vergisi üzrə 75 faiz güzəşt əldə edəcəklər.

Maraqlı məqam odur ki, ictimai iaşə fəaliyyəti üzrə ƏDV qeydiyyatında olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun müddəti 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılıb. Bu isə həmin şəxslərə xərclərin idarə edilməsi və vergilərin optimallaşdırılması istiqamətində əlavə manevr imkanları verəcək.

Ticarət obyektləri də vergi güzəştlərindən yararlanacaq. Sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi dərəcəsi 2 faizdən (dövriyyəsi ardıcıl 12 ay ərzində 200 min manatdan az olan şəxslər) 1 faizə endirilib. Mənfəət vergisi rejimində fəaliyyət göstərənlər isə mənfəət vergisi üzrə 75 faiz güzəşt əldə edəcəklər.

Vergi tətillərinin tətbiqi isə bütün şəxslər üçün əlavə imkanlar açacaq. Təəssüflər olsun ki, bəzi hallarda "vergi tətilləri" anlayışı düzgün başa düşülmür. Vergi tətilləri vergidən azad olunmanı yox, vergi ödənişinin müəyyən müddət sonraya saxlanılmasını nəzərdə tutur. Bu addım müəssisələrin müvəqqəti olaraq pul vəsaitlərinin çatışmazlığı problemini yumşaldır. Məsələn, koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələrində mənfəət vergisi üzrə 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması nəzərdə tutulub. Bundan əlavə, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddəti cari ilin 1 sentyabr tarixinədək uzadılıb. Ən mühüm güzəştlərdən biri ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınmasıdır. Maliyyə vəziyyəti çətin olan bəzi sahibkarlıq subyektləri bir sıra öhdəliklərin yerinə yetirilməsində maliyyə sıxıntısı ilə üzləşiblər və faizlərin hesablanmaması bununla bağlı əlavə itkilərin qarşısını alır.

Qeyd etdiyim məsələlər təkcə "mall" və ticarət mərkəzlərinə, orada fəaliyyət göstərən sahibkarlara deyil, daha geniş dairəni əhatə edən sahibkarlıq subyektlərinə aiddir.

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?