20 Oktyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əvvəlcədən doldurulmuş vergi bəyannamələri ödəyicilərin inzibatçılıq yükünün azalmasına kömək edir

Vergi bəyannamələrinin əvvəlcədən doldurulması sisteminə keçirilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və mərhələlərlə bu sistemə keçidin təmin olunması Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan"ın tərkib hissəsidir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üçün Avropa Komissiyasının TAIEX təcrübə mübadiləsi alətinə müraciət əsasında tərəfdaş qurum qismində Finlandiyanın Vergi Administrasiyası müəyyən olunub. Bununla bağlı 30 sentyabr - 2 oktyabr tarixlərində Vergilər Nazirliyində keçirilmiş seminar çərçivəsində finlandiyalı təlimçilər vergi bəyannamələrinin əvvəlcədən doldurulması üzrə hüquqi çərçivə, məlumat mənbələri, bəyannamələrin hazırlanması, məlumat mübadiləsi və digər mövzulara dair təqdimatlarla çıxış ediblər. Müsahibimiz Finlandiya Vergi Administrasiyasının baş məsləhətçisi xanım Merja Holantidir.

- Merja xanım, Finlandiyada fiziki şəxslərdən gəlir vergisinin tutulması prosesi necə baş verir?

- İlk öncə qeyd edim ki, Azərbaycana gəlişimizin əsas məqsədi əvvəlcədən verilən vergi arayışlarının doldurulmasına dair təcrübənin paylaşılmasıdır və bu mövzuda seminarlar keçirdik, əməkdaşlarla müzakirələr apardıq. Finlandiyada əvvəlcədən doldurulmuş vergi bəyannamələri, əsasən, fiziki şəxsləri və kiçik sahibkarlıq subyektlərini əhatə edir. Uzun müddətdən bəri fəaliyyət göstərsə də, ötən ildən etibarən sistemdə yenilənmələr aparmağa başlamışıq.

Fiziki şəxslərə əvvəlcədən verilən, doldurulan arayışın mahiyyəti ondan ibarətdir ki, inzibatçılıq yükü azaldılsın, vergi ödəyiciləri əlavə vaxt sərf etməsinlər, onlar üçün proses asanlaşsın, ödəyici haqqında üçüncü tərəflərdən toplanılmış hazır məlumat onlara təqdim edilsin və vergi yığımı sadələşdirilsin. Fiziki şəxslərdən tutulan vergi deyildikdə, buraya kiçik sahibkarlıq subyektləri də aid edilir və bir şəxs tərəfindən əldə olunan fiskal gəlirlər nəzərdə tutulur.

- Artıq ödənilmiş vergilərin geri qaytarılması və vergi borclarının alınması ilə bağlı hansı innovativ layihələriniz var?

- Bu məqsədlə bizdə daimi təkmilləşmələr aparılır və bu işlə xüsusi şöbə məşğul olur. Hazırda GenTax adlı yeni bir proqram təminatı hazırlanır ki, həmin sistemin də məqsədi əsasən prosesin avtomatlaşdırılmasıdır. Noyabr ayında artıq bu proqram təminatı tam istifadəyə veriləcək.

Əvvəlcədən verilən, doldurulan arayışın mahiyyəti ondan ibarətdir ki,
inzibatçılıq yükü azaldılsın, vergi ödəyiciləri əlavə vaxt sərf etməsinlər,
onlar üçün proses asanlaşsın, ödəyici haqqında üçüncü tərəflərdən
toplanılmış hazır məlumat onlara təqdim edilsin və vergi yığımı sadələşdirilsin

- Finlandiyada vergi ili və ya qiymətləndirmə ili necə müəyyən edilir?

- Bizdə vergi ili vergi öhdəliklərinin, o cümlədən də gəlirlərin yarandığı ildir. Son yekun hesablama və hesabatları əhatə edən qiymətləndirmə ili isə adətən vergi ilindən sonrakı idir.

- Bəyannamələrin əvvəlcədən doldurulması layihəsi haqqında daha nə deyə bilərsiniz? Burada əsas mahiyyət nədən ibarətdir?

- Əvvəlcədən doldurulan bəyannamələr - yəni vergi arayışları vergi ödəyicilərinə göndərilir. Bunu nə üçün edirik? Vergi ödəyicisi bu arayışa baxır, lazımdırsa, məlumatlarda düzəlişlər edir. Amma əksər hallarda bu vergi arayışlarında məlumatlar dolğun və düzgün olur. Vergi ödəyiciləri bu arayışı yalnız təsdiq etməklə geri ötürürlər. Bəyannamələrin vergi ödəyicilərinə əvvəlcədən doldurulub göndərilməsində məqsəd, sadəcə, məlumatların doğruluğunun təsdiq edilməsidir. Burada əsas məsələ üçüncü tərəfdən əldə olunan məlumatların şəffaflığı və əlçatanlığıdır.

- Bildiyimizə görə, bu sistem Finlandiyada 15 ildir ki, fəaliyyət göstərir. Bu illər nə göstərdi? Bəyannamələrin əvvəlcədən doldurulmasının mənfi və müsbət cəhətləri hansılardır?

- Əslində, sistemin yaşı 15 ildən də artıqdır. Onun üstün cəhətləri çoxdur. Vergi ödəyicilərinin vergi inzibatçılığı yükü azalır, proses sadələşir və sair. Sistem daim təkmilləşdirilir. Ona görə ki, əlavə məlumatlar toplanılır, yeni məlumatlar daxil olur. Uzun müddət işlətdiyimiz bu sistem artıq özünü doğruldub. Mənfi cəhəti, demək olar ki, yoxdur, ciddi bir şey müşahidə etməmişik. İşlək sistemdir. Əvvəllər əməkdaş tərəfindən hər şey əl əməyi ilə yoxlanılırdı, indi isə avtomatlaşdırılıb və bizim də yükümüz azalıb.

- Bu proses sonrakı vergi nəzarəti tədbirlərinin işinə hansısa təsir edirmi?

- Əsas təsiri budur ki, vergi ödəyicisi haqqında kifayət qədər məlumat əldə edirik. Bu da sonrakı nəzarət tədbirlərinin miqyasını və dərəcəsini bir qədər azaldır, işi yüngülləşdirir.

- Finlandiya təcrübəsində istifadə edilən "vergi kartı" barədə də məlumat verməyiniz maraqlı olardı...

- Finlandiyada gəlir əldə edən hər bir şəxsin vergi kartı olmalıdır. Burada əsas məqsəd baş verən əməliyyatlara tam nəzarət etmək imkanıdır. Yəni hər hansı vergi tutulan bir əməliyyat baş verirsə, şəxsin gəliri daxil olursa, digər mənbələrdən daxilolmalar varsa buna real vaxt rejimində nəzarət edilir ki, sonradan bəyannaməsi dəqiq tərtib edilsin və həmin şəxsin vergi öhdəliyi düzgün təyin olunsun.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI