14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Leyla Barxudarzadə: “Azərbaycanın investisiya cəlbediciliyinin yüksəldilməsi əsas hədəflərdəndir” MÜSAHİBƏ

Dünya Bankı Qrupunun “Business Ready” layihəsi üzrə Azərbaycanın reytinqini artırmaq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Biznesə daxilolma” işçi qrupunun başlıca məqsədi kimi müəyyən edilib. Bu yaxınlarda ölkə başçısı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişiklikləri təsdiq edib. Yenilənmiş qanuna əsasən, yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. “Biznesə daxilolma” işçi qrupunun üzvü, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Barxudarzadə Qanuna edilən dəyişiklərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

Leyla xanım, bu günlərdə Azərbaycanda xarici investisiyalı biznesin dövlət qeydiyyatının sadələşdirilməsi istiqamətində daha bir mühüm addım atıldı, “Biznesə daxilolma” indikatoru üzrə 2022-2023-cü illəri əhatə edən Yol Xəritəsi çərçivəsində tətbiq edilən bu yenilik əlaqəli dövlət qurumlarının birgə səyləri əsasında mümkün olub. Xidmətin ərsəyə gəlməsində Ədliyyə Nazirliyinin də rolu böyük olub. Qanunvericiliyə edilmiş son dəyişikliklər biznes mühiti üçün nə dərəcədə əhəmiyyətlidir?

İlk öncə qanunvericiliyə edilmiş dəyişikliklərin ərsəyə gəlməsinə səbəb olan amillər haqqında qısa məlumat vermək istərdim. İnnovativ həllər və konstruktiv qərarlar əsasında əlverişli biznes mühitinin inkişaf etdirilməsi iqtisadi siyasətin təməl prinsiplərindəndir. Bu istiqamətdə dövlət başçısının rəhbərliyi altında həyata keçirilən çoxşaxəli islahatlar regionda sabitliyi, dünya iqtisadiyyatının qlobal təsirlərinə qarşı ölkəmizin dayanıqlığını və sosial rifahın yaxşılaşdırılmasını təmin edir. Eyni zamanda, xarici tərəfdaşlarımızla qarşılıqlı faydalı əməkdaşıq münasibətlərini inkişaf etdirmək və beynəlxalq müstəvidə yüksək reytinqlərə nail olmaqla ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsi üçün ardıcıl tədbirlərin davam etdirilməsi də əsas hədəflər sırasındadır.

Bu çərçivədə Dünya Bankı Qrupunun “Business Ready” layihəsi üzrə ölkəmizin reytinqini artırmaq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Biznesə daxilolma” işçi qrupunun başlıca məqsədi kimi müəyyən edilib.

Dünya Bankı Qrupunun qiymətləndirmə meyarları və metodologiyası nəzərə alınmaqla xarici investorlar üçün yerli biznes subyektləri ilə bərabər imkanların yaradılması, o cümlədən qeydiyyat prosedurlarını tam elektronlaşdırmaqla sadələşdirilməsi və operativliyin artırılması istiqamətində müvafiq təkliflər verilib. Bu vaxtadək xarici investorların elektron qaydada müraciət etməsini məhdudlaşdıran amil xarici mənşəli sənədlərin Azərbaycan dilinə tərcüməsinin rəsmiləşdirilməsi ilə bağlı olmuşdur ki, bu prosedurlar yalnız fiziki həyata keçirilməklə qeydiyyat orqanına bilavasitə təqdim olunmasını ehtiva edirdi.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, xarici mənşəli sənədlərin elektron portal üzərindən notariusa göndərməklə məsafədən tərcüməsinin notariat qaydasında təsdiqlənməsi xidmətindən yararlanaraq müvafiq vergi orqanlarına elektron formada təqdim etmək imkanı yaradılıb.

Bu yenilik ölkəmizdə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan edir və biznesə başlama prosesini asanlaşdırmaqla ölkəmizin investisiya cəlbediciliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Xarici mənşəli sənədlərin elektron portal üzərindən notariusa
göndərməklə məsafədən tərcüməsinin notariat qaydasında
təsdiqlənməsi xidmətindən yararlanaraq müvafiq vergi orqanlarına
elektron formada təqdim etmək imkanı yaradılıb.

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatından xarici fiziki şəxslərlə yanaşı artıq xarici hüquqi şəxslərin də istifadə etməsi mümkündür. Elektron apostil verilmiş xarici mənşəli sənədlərin tərcümə xidmətlərinin vahid mühitdə təşkili məqsədilə xidmət portalının yaradılması nəzərdə tutulur. Bu istiqamətdə hansı işlər görülüb?

Bəli məhz xarici mənşəli sənədlərin məsafədən tərcüməsinin rəsmiləşdirilməsi üçün portal artıq yaradılıb və hazırda onun sınaqları aparılır. Bu portal vasitəsilə fiziki və hüquqi şəxslər dünyanın istənilən nöqtəsindən elektron apostil verilmiş sənədlərin tərcüməsinin rəsmiləşdirilməsi üçün müraciət edə biləcək.

Portalda qeydiyyatsız olaraq tərcümə təsdiqi xidmətindən yararlanmaq mümkün olacaq və hazır sənədlər müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilməklə yanaşı biznes subyektlərinin qeydiyyatını aparan vergi orqanları üçün də “bulud” texnologiyasının tətbiqi nəticəsində əlçatan olacaq. Belə ki, sahibkarın elektron müraciəti zamanı təqdim edəcəyi sənədlərin həqiqiliyi məhz “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlanılacaq ki, bu da elektron mühitdə sənədlərin mötəbər mənbələr əsasında dövriyyəsini təmin edəcək.

Xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyasının təşkili istiqamətində hansı işlər görülür?

Qanunda tərcümələrin rəsmiləşdirilməsi xidmətinin məhz elektron apostil verilmiş sənədlərə münasibətdə tətbiqi nəzərdə tutulur ki, bu da təsadüfi deyil.

İlk olaraq qeyd etmək istərdim ki, sənədlərin tanınmasının iki üsulu var, onlardan biri konsul leqallaşdırılması, digəri isə sənədə apostil verilməsi prosedurudur.

Xarici mənşəli sənədlərin məsafədən autentifikasiyası bu gün yalnız elektron apostil verilən sənədlərə münasibətdə əlçatandır. Belə ki, bu sənədlərin mənbəsi olan rəsmi reyestrlər Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının saytında yerləşdirilib. Bu da bizə həmin reyestrlərə mötəbər mənbə olaraq müraciət etmək və sənədlərin yoxlanılması üçün imkan yaradır.

Sahibkarın elektron müraciəti zamanı təqdim edəcəyi sənədlərin
həqiqiliyi “Elektron notariat” informasiya sistemi vasitəsilə
yoxlanılacaq ki, bu da elektron mühitdə sənədlərin
mötəbər mənbələr əsasında dövriyyəsini təmin edəcək

Hazırda elektron apostil verən ölkələrin sayı 54-ə çatıb. Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının məhz elektron apostil proqramının “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya üzv olan 126 ölkə arasında təşviqi davamlı xarakter daşıyır. Bu təşviq nəticəsində həmin proqramı tətbiq edən ölkələrin sayı da getdikcə artmaqdadır. Proqramı tətbiq edən ölkələrin sayı artdıqca tərcümənin notariat qaydasında elektron rəsmiləşdirilməsi xidmətinin də əhatə dairəsi genişlənir.

Elektron apostil verilmiş və leqallaşdırılmış sənədlərin e-notariat üzərindən rəsmiləşdirilməsi necə baş tutacaq?

Müraciət proseduru əslində çox rahatdır, tərcümənin təsdiqi xidmətindən yararlanmaq üçün şəxs portala müraciət etməklə tərcümə ediləcək sənədlərin elektron nüsxəsini müraciətinə əlavə edir və tərcümə olunacaq xarici dili qeyd etməklə müvafiq sifarişini göndərir. Sifarişi alan notarius sənədlərin elektron mühitdə yoxlanılmasını həyata keçirir və autentifikasiya müsbət nəticələndikdə sənədlərin sayı, həcmi, həmçinin tərcümə olunacaq dildən asılı olaraq xidmət haqqı hesablanır, həmçinin xidmətin nəticəsinin təqdim olunacağı tarix qeyd edilməklə sifarişçiyə təklif göndərilir. Müraciət etmiş şəxs xidmət haqqı və tarixlə razı olduqda müvafiq ödənişi həyata keçirir və müəyyən edilmiş tarixdə sənədini elektron poçt vasitəsilə əldə etmiş olur.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?