Büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsi
Vergi Məcəlləsinin 175-ci maddəsində bildirilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. Bu zaman vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:
- hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - bu Məcəllənin 176-cı maddəsinə uyğun olaraq;
- hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq.
Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir.
Bəs vergi ödəyicisi 3 il əvvələ - 2016-ci ilin elektron vergi hesab-fakturalarını 2019-cu ilin fevralında (dəyəri bank və depozitdən ödənilib) əvəzləşdirə bilərmi?
Vergi hüququ üzrə ekspert Sirac Piriyev suala aydınlıq gətirərək bildirib ki, Vergi Məcəlləsinə əsasən, cari ayda ödənilmiş məbləğin ƏDV-si elektron vergi hesab-fakturasının hansı ildə qəbul edilməsindən asılı olmayaraq, tam məbləğ ƏDV-si əvəzləşdirilə bilər. Son 3 ilin hesabat dövrü ötməyincə həmin bəyannamə üzrə dəqiqləşmə verilib əvəzləşmə aparmaq mümkündür: "Qanunvericilik vergi orqanına hesabat dövrü bitdikdən sonra 3 il ərzində vergiləri yenidən hesablamaq hüququ verdiyi kimi, vergi ödəyiciləri ücün də eyni hüququ tanıyır. Bu halda, fərqli müddətlərin nəzərdə tutulması tərəflərin hüquq bərabərliyi prinsipinə zidd olardı və ədalətli yanaşma kimi qəbul edilməzdi. Bu səbəbdən, Vergi Məcəlləsinin ümumi norması kimi 85.4-cü maddədə vergi orqanlarına aid edilən hesablama və tutma müddətləri həmin Məcəllənin 85.5-ci maddəsi ilə vergi ödəyiciləri baxımından da eyni müddətlərdə nəzərdə tutulmuşdur".
İqtisadçı ekspert Ruslan Atakişiyev isə əlavə edib ki, əgər ƏDV üzrə ödəməmiz həyata keçirilibsə, bunu BTP-də depozit məbləğ kimi qeyd edirik, büdcə bizə borclu olur: "Növbəti dövrdə isə bizim əmtəə və xidmətlərin satışından əldə olunan gəlirlərdən yaranan ƏDV ödəməsi üzrə həmin depozit məbləğdən borcumuzu silməyə başlayırıq. Bunu mənfəət və s. ödəmələr üzrə də əvəzləşdirə bilərik. Çünki həmin məbləğ, sadə dildə desək, bizim ehtiyat məbləğimiz kimi görünür.
Ödəmənin vaxtına gəldikdə, burada əməliyyat ilə ödənişin məbləği üst-üstə düşməlidir. Tutaq ki, biz "A" MMC-yə kimyəvi təmizləmə üzrə sifariş vermişik. Həmin şirkət iyul ayında işi tam başa çatdırıb və bizə vergi hesab-fakturası göndərib. Ödəmə avqustda baş verib. Bu halda vergi ödənişini avqust ayında həyata keçirməliyik. Əksinə, ödəmənin edildiyi, amma iş və xidmətin iki ay sonra görüldüyü və əməliyyatın iki aydan sonrakı dövrə rəsmiləşdirilməsi halında isə biz ƏDV öhdəliyimizi iki aydan sonrakı vaxtda həyata keçirəcəyik.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI