Alternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?
Şirkətimiz alternativ enerji satışı ilə məşğuldur (günəş panellərindən əldə olunan aktiv enerji). Cari işlər subpodratçı şirkətə həvalə etmişik. Yəni, mal-material və işçilik daxil olmaqla işləri subpodratçı həyata keçirir. Təmsil etdiyim şirkət yalnız günəş panellərindən əldə olunan enerjinin satışını həyata keçiririk. Subpodratçı bizə elektron qaimə-fakturanı göndərdiyi zaman həm günəş panelləri, həm də işçilik xidməti qeyd olunur. Bunlar investisiya yönümlü xərclərdir. Bu zaman şirkətimizin xərcləri necə formalaşacaq? Qeyd edək ki, enerji satışı xidmətini göstərdiyimiz kontragentlərlə razılaşmaya əsasən, biz onlara 15 il müddətinə günəş enerjisi satacağıq və 15 ilin sonunda günəş panelləri kontragentə qalacaq. 15 il dönəmində xərclərimizi necə uçota almalıyıq? Cari ildə bu işlə bağlı elektron qaimə-faktura ilə təsdiqlənmiş xərcimiz 600.000 manat olub, gəlirlərimiz isə cəmi 10.000 manat təşkil edib. Gəlirlər gələcəkdə formalaşacaq. Bunu ehtiyat kimi balansda göstərə bilmirik, çünki avadanlıqlar anbarda deyil, birbaşa ərazidə quraşdırılıb. Əsas vəsait kimi də uçota ala bilmirik, çünki günəş panelinin dəyəri 500 manatdan azdır. Bu zaman aldığımız günəş panellərini uçotda və balansda necə göstərməliyik? Mənfəət vergisi bəyannaməsində gəlir və xərclərimizi necə bəyan edək?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda göstərilən halda enerji satışının həyata keçirilməsi və müəyyən olunmuş müddətin sonunda əvəzsiz olaraq alıcı vergi ödəyicisinə təqdim edilməsi məqsədilə quraşdırılan günəş panelləri ilə bağlı çəkilən xərclər vergitutuma məqsədləri üçün kapitallaşdırılaraq həmin aktivlər əsas vəsait kimi uçota alınır və istismar olunan bu əsas vəsaitlər üzrə Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya hesablanılır.
Bununla yanaşı, Vergi Məcəlləsinin 142.1-ci maddəsinin müddəalarına əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.
Əlavə olaraq bildirilib ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi baxımından aparılan əməliyyatın xarakteri və işin faktiki halları, o cümlədən tərəflər arasında bağlanmış müqavilələrin şərtləri, aktivlərin quraşdırılması, enerjinin satışı və müddətin sonunda əvəzsiz təqdim edilməsi ilə bağlı detallı məlumatlar açıqlanmaqla təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 114-cü və 142-ci maddələri.
