Oded Ephrat: MMMİ əmlak vergisinin yığılmasında mühüm rol oynayacaq
"Ofek Aerial Photography" şirkəti Azərbaycanda həyata keçirdiyi Milli Məkan Məlumatları İnfrastrukturunun (MMMİ) qurulması layihəsi çərçivəsində coğrafi məlumat bazasının yaradılmasında Avropa standartlarının tətbiqini nəzərdə tutub.
Şirkətin vitse-prezidenti Oded Ephrat bildirib ki, yeni data infrastrukturunun qurulması daşınmaz əmlak sektorundan vergilərin toplanmasında mühüm rol oynayacaq: "Biz çoğrafi məlumat sistemləri ilə bağlı Kiprdə layihə həyata keçirmişik. Bir neçə il əvvəl Kiprdə maliyyə böhranı yaşandı. Ölkə müflis olduğunu bəyan edərək maliyyə yardımı ilə bağlı Avropa İttifaqına müraciət etdi. İttifaq onlara müəyyən tələb irəli sürdü: əgər maliyyə yardımı almaq istəyirsinizsə, vergiləri toplamaq iqtidarında olmalısınız. Orada daşınmaz əmlak vergisinin yığılması əsas məsələlərdən idi. Kiprdə daşınmaz əmlak çoxdur. Ona görə də bizdən xahiş etdilər ki, Kiprdə mövcud olan bütün tikililər və binaların görüntülərini yaradaq. Oradakı 500 mindən çox bina və tikilinin 3D modelində görüntüsünü yaratdıq. Bazada hər bir tikiliyə aid qısa məlumat arayışında binanın tipi, istifadə məqsədi, həcmi yerləşdirilib. Bunun əsasında artıq Kiprdə vergitutma sisteminə məlumatlar daxil edilib. Nəticədə ölkədə yığılan vergilərin həcmi xeyli artıb".
MMMİ-nin əsas faydası məlumatların toplanması ilə bağlı
xərcləri aşağı salmaq, işin təkrarlanmasına yol verməmək,
məlumat hasil edən tərəflər arasında əməkdaşlığı təmin etməkdir
Oded Ephrat belə bir sistemin Azərbaycanda da qurulmasının və istifadə edilməsinin vacibliyini qeyd edərək deyib ki, MMMİ əmlak vergisinin toplanmasında əsas baza rolunu oynaya bilər. MMMİ-ni ilk dəfə İsraildə yaratdıqlarını bildirən şirkət təmsilçisi bunun üçün 417 coğrafi laydan istifadə etdiklərini bildirib. Onun sözlərinə görə, bu say getdikcə artacaq: "Çünki həmin infrastrukturu canlı formada saxlamaq lazımdır. İnfrastruktur zamanla böyüyür, dəyişir. Bu, sonu olmayan bir layihədir".
Qeyd edək ki, "Ofek Aerial Photography" şirkəti ötən il Azərbaycanda arpa və buğda əkilən ərazilərin xətirəsinin layihəsini hazırlayıb. Mütəxəssislər kənd təsərrüfatı ərazilərinin xəritəsini fotoçəkilişlər vasitəsilə təmin ediblər. Oded Ephrat vurğulayıb ki, MMMİ-nin əsas faydası məlumatların toplanması ilə bağlı xərcləri aşağı salmaq, işin təkrarlanmasına yol verməmək, məlumat hasil edən tərəflər arasında əməkdaşlığı təmin etməkdir: "Yaponiya hökumətinin hesablamalarına görə, MMMİ-nin qurulması nəticəsində ölkə 10 milyard dollar vəsaitə qənaət etməyə nail olub. Coğrafi məlumatlardan daha səmərəli istifadə etmək çox vacibdir. Bununla pulunuza əhəmiyyətli dərəcədə qənaət edə bilirsiniz. MMMİ elekton hökumət konsepsiyası baxımından labüd məsələdir. Bunun ərsəyə gətirilməsi olduqca vacibdir".
Qeyd edək ki, MMMİ-nin qurulması üçün öncə müxtəlif dövlət qurumlarından əmlaklarla bağlı məlumatlar toplanacaq. Yeni əldə edilən informasiyalar da bazaya daxil ediləcək. Bundan sonra coğrafi məlumat sistemləri vasitəsilə həmin məlumatlar işləniləcək, MMMİ serverinə daxil ediləcək və müvafiq dövlət orqanlarına təqdim olunacaq. Məlumatlar ümumi portalda yerləşdirildikdən sonra isə ictimaiyyət üçün açıq olacaq.
Fərqanə ALLAHVERDİQIZI