13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mənfəət vergisinin hesablanmasında nələrə diqqət yetirmək lazımdır?

Mənfəət vergisinin hesablanması üçün vergitutma obyekti mənfəət hesab edilir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Mövzunu ekspert Anar Bayramov “vergiler.az” üçün şərh edir.

Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Mənfəət vergisinin hesablanmasını düstür halına salsaq, aşağıdakı şəkildə olacaq:

Mənfəət vergisi = (Gəlir - Xərc) x 20 faiz.

Maddədən göründüyü kimi, vergi ödəyicisinin bütün gəlirləri, hətta ölkədən kənarda əldə etdiyi gəliləri də nəzərə alınır.

Xərclərə yanaşma fərqli olduğu üçün, vergi ödəyicisi mənfəət vergisi hesabladıqda aşağıdakı məqamları nəzərə almalıdır.

Birinci məqam: Vergi ödəyicisi mənfəət vergisi hesablayarkən, gəlirdən azad edilən əməliyyatlar üzrə xərcləri nəzərə almamalıdır.

Misal 1: Həm kənd təsərrüfatı məhsullarının istehsalı, həm də pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi torpaq sahəsinin şumlanması üçün qarşı tərəfə 4.200 manat ödəniş edib. Ödəniş zamanı xərclərin uçotu qaydalara uyğun həyata keçirilib, müqavilə imzalanıb, qarşı tərəf elektron qaimə-faktura təqdim edib, işlərin görülməsi aktı imzalanıb və s. Amma həmin xərclər mənfəət vergisindən azad edilən əməliyyatlar (kənd təsərrüfatı məhsullarının istehsalı) ilə bağlı olduğu üçün, digər fəaliyyətlə bağlı mənfəət vergisi hesablayarkən gəlirdən çıxılan xərclərə aid edilmir.

İkinci məqam: Vergi ödəyicisinin əyləncə, yemək və digər sosial yönümlü xərclərinin gəlirdən çıxılmasına icazə verilmir.

Misal 2: Topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi işçiləri üçün illik ziyafətin keçirilməsi məqsədilə 4.800 manat vəsaiti qarşı tərəfə ödəyib. Vergi ödəyicisi qarşı tərəflə apardığı əməliyyatın rəsmiləşdirməsini (müqavilə, elektron qaimə-faktura, akt və s.) qaydalara uyğun həyata keçirsə belə, həmin xərclər mənfəət vergisinin hesablanması zamanı nəzərə alına bilməz. Çünki Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Üçüncü məqam: Gəlirdən çıxılmasına icazə verilən bəzi xərclərin xüsusi çəki müəyyən edilməlidir.

Misal 3: Qeyri-kommersiya təşkilatları əsas fəaliyyəti ilə yanaşı, sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. Qanunvericiliyə müvafiq olaraq qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Bəzi xərclər də var ki, vergi ödəyicisi onu bölüşdürməkdə çətinlik çəkir. Məsələn, ofisin icarə haqqı və ya kommunal xərci var. Bu halda Vergi Məcəlləsinin 108-ci maddəsinə istinad etmək lazımdır.

Həmin maddəyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Qeyri-kommersiya təşkilatlarının vergidən azad olunan fəaliyyəti üzrə gəliri 80.000 manat, kommersiya fəaliyyəti üzrə gəliri isə 40.000 manat təşkil edib.

Göründüyü kimi, vergidən azad olunan fəaliyyət üzrə və sahibkarlıq fəaliyyət üzrə gəlirin ümumi gəlirdə xüsusi çəkisi müvafiq olaraq 0.67 və 0.33 təşkil edir. Ofisin icarə haqqı 4.000 manat olduğu halda 1.320 manat gəlirdən çıxılan xərclərə aid ediləcək.

4000 x 0,33 = 1320 manat.

Dördüncü məqam: Gəlir və xərclərin uçotu qaydasında rəsmiləşdirilməyən xərclər gəlirdən çıxılmaya bilər.

Misal 4: Vergi ödəyicisi qarşı tərəfdən mal almasına baxmayaraq, qarşı tərəf ona yalnız 1.000 manatlıq nəzarət-kassa aparatının çekini və ya mədaxil qəbzini təqdim edib. Vergi ödəyici tərəfdən qarşı tərəfə elektron qaimə-faktura təqdim edilməyib. Bu halda Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, nəzarət -kassa aparatının çeki və ya qəbz malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Bu səbəbdən də mənfəət hesablanarkən həmin xərclərin gəlirdən çıxılması mümkün olmayacaq.

Beşinci məqam: Bəzi xərclər var ki, onlar məhdudlaşdırılmaqla gəlirdən çıxılır.

Misal 5: Vergi ödəyicisinin ilin əvvəlinə qalıq dəyəri 40.000 manat olan nəqliyyat vasitəsi var. Vergi ödəyicisinin əsas vəsaitlər üzrə amortizasiya və ya təmir xərclərinin gəlirdən çıxılması məhdudlaşdırılmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 114.3.3-cü maddəsinə əsasən, vergi ödəyicisi nəqliyyat vasitəsinə 25 faizədək amortizasiya hesablaya bilər. Vergi ödəyicisi illik amortizasiyanı 80 faiz hesablasa belə, gəlirdən çıxılan xərclərin hesablanması zamanı maksimum 25 faiz, yəni 10.000 manat nəzərə alınacaq:

40000 x 25% = 10000 manat.

Mümkündür ki, vergi ödəyicisi nəqliyyat vasitəsi üzrə illik amortizasiya normasını 25 faizlə yox, daha aşağı, məsələn, 15 faizlə nəzərə alsın. Amortizasiyanı aşağı hesablamaq vergi ödəyicisinin hüququdur, sadəcə gələcəkdə həmin məbləği nəzərə alacaqsa, o halda bəyannamədə qeyd aparmalıdır.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?