Torpaq vergisi
Vergi Məcəlləsinin 203-cü maddəsinə əsasən, bütün torpaq mülkiyyətçiləri və ya istifadəçiləri təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində torpaq vergisinə cəlb edilir. Bunun üçün rezident və qeyri-rezident fiziki şəxslər, habelə müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.
Vergi Məcəlləsinin 206-cı maddəsinə əsasən, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. Ancaq burada müəyyən istisnalar nəzərdə tutulur. Məcəllənin 206.1-1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirilib. Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:
Yaşayış məntəqələri |
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) |
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) |
||
10000 m²-dək olduqda |
10000 m²-dən yuxarı olan hissə üçün |
10000 m²-dək olduqda |
10000 m²-dən yuxarı olan hissə üçün |
|
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri |
10 |
20 |
0,6 |
1,2 |
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri |
8 |
16 |
0,5 |
1,0 |
Digər şəhərlər və rayon mərkəzləri |
4 |
8 |
0,3 |
0,6 |
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər |
2 |
4 |
0,1 |
0,2 |
Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının ərazisində istifadə etdiyi torpaqlar da bu vergidən azad edilib.
Bu torpaqlar vergidən azaddır
Vergi Məcəlləsinin 207-ci maddəsinə əsasən, müəyyən məqsədlər üçün istifadə edilən torpaqlar vergiyə cəlb olunmur. Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Mərkəzi Bankın və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar həmin siyahıya aiddir. Eyni zamanda, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar, dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar da vergidən azad edilib.
Eyni zamanda investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır. Siyahıda KOB klaster şirkətləri də yer alıb. Belə ki, həmin şirkətlər KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad ediliblər.
Onu da deyək ki, bəzi maliyyə qurumları da bu ildən torpaq vergisinə cəlb edilməyəcək. Vergi Məcəlləsinin 207.7-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi və onun mülkiyyətində (balansında) olan torpağa görə 2019-cu il yanvarın 1- dən torpaq vergisini ödəməkdən azaddır.
Torpaq vergisi necə hesablanır?
Qeyd edək ki, torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Vergi Məcəlləsinin 208.2 –ci maddəsinə əsasən, həmin vergini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Vətəndaşların öhdəliyi olan torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilməlidir. Torpaq sahibi əvvəlki illərə görə vergini ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin və müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi isə yerli bələdiyyə büdcəsinə ödənilməlidir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.