8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Təsdiqlənməmiş azalma necə aradan qaldırılır?

Mühasibat təcrübəsində rast gəlinən arzuedilməz hallardan biri də vergi orqanının təqdim etdiyi şəxsi vərəqədə təsdiqlənməmiş azalma göstərilməsidir. Bəs təqdiqlənməmiş azalma necə yaranır? Onu hansı qaydada aradan qaldırmaq mümkündür? “vergiler.az” xəbər verir ki, “Vergi və Mühasibatlıq Zirvəsi”ndə bu suallara “Finstab” şirkətinin təsisçisi Yusif Yusifzadə aydınlıq gətirib.

Şəxsi vərəqədə təsdiqlənməmiş azalma vergi ödəyicisinin ödəmə müddəti çatmış vergi borcu olduqda və borc yarandıqdan sonra verilmiş azalma nəticəsində yarana bilər.

Ödəmə müddəti çatmış vergi borcu nədir? Tutaq ki, mənfəət vergisi bəyannaməsini təqdim etmək müddəti 31.03.2023-cü il tarixə qədərdir. Həmin tarixədək şəxsi vərəqədə vizual borc görünə bilər. Lakin buna görə vergi orqanı sizə borc bildirişi göndərməyəcək, bank hesablarınıza sərəncam qoymayacaq. Borc bildirişi və bank hesabına sərəncamlar aprelin 1-dən başlayaraq göndəriləcək. Təsdiqlənməmiş azalma vergi ödəyicisinin borcu ola-ola hər hansı digər tədiyədən verdiyi azalma nəticəsində yaranır və təsdiqlənməmiş azalma yaranandan sonra, təbii ki, vergi orqanı buna adi borc kimi baxır.

Misal. Tutaq ki, vergi ödəciyisinin hesabat dövründə ödəmə müddəti çatmış 100 manat borcu var. 100 manatdan artıq azalma verildikdə isə borcun məbləği qədər təsdiqlənməmiş azalma, aradakı fərq qədər artıq ödəmə yaranır. Həmin borc vergi ödəyicisi tərəfindən təsdiqlənməmiş azalma olan müddətdən sonra ödənilərsə, təsdiqlənməmiş azalma ödəniş məbləği qədər azala-azala gedir. Yəni 100 manat təsdiqlənməmiş azalma varsa, 50 manat ödəniş edildikdə borc 50 manat azalır və vergi orqanı qalan məbləğ həddində bank hesabına sərəncam qoyur.

Təsdiqlənməmiş azalmanın aradan qaldırılmasının yeganə üsulu azalma verilmiş bəyannamədə heç bir uyğunsuzluğun olmamasıdır. Bu nə deməkdir? Biz bilirik ki, bəyannamələr 30 iş günü (mənfəət vergisi bəyannaməsi 60 iş günü) müddətində kameral qaydada yoxlanılır. Yəni vergi ödəyicisi heç bir hərəkətə yol verməsə, vergi orqanı 30 iş günü sonra həmin bəyannaməni yoxladıqda təsdiqlənməmiş azalma aradan qalxacaq. Ancaq bir şərtlə - 30 iş günündən tez təsdiqlənməmiş azalmanın aradan qaldırılması üçün azalma verilmiş bəyannamədə vergi orqanının Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində heç bir elektron uyğunsuzluq olmasın. Uyğunsuzluq olmadıqda vergi orqanı bəyannamənin düzgün olduğunu, yəni azalmanın düzgün verildiyini qəbul edir və borcu ləğv edir. Təbii ki, bütün prosedurlar geriyə tətbiq olunur, sərəncam varsa, geri götürülür, borc bildirişi ləğv edilir.

Burada problemlər azalma verilmiş bəyannamədə bir dəfə kameral vergi yoxlaması aparılmış olduğu zaman yaranır. Bəyannamə ilə bağlı istənilən uyğunsuzluq aradan qaldırılsa belə, onun üzərində bir uyğunsuzluq, yəni vergi orqanının öncə aparmış olduğu kameral yoxlama uyğunsuzluğu olur. Başqa sözlə, hansısa bir dövrə aid verilmiş azalma bəyannaməsi vergi orqanı tərəfindən kameral qaydada bir dəfə yoxlanıldığı üçün növbəti bəyannamə veriləndə kameral yoxlama təkrar aparılmalıdır. Kameral yoxlama təkrar aparılmayana qədər, hətta sizin bəyannamədə heç bir uyğunsuzluq olmasa belə, təsdiqlənməmiş azalma ödənişə qədər qüvvədə qalır. Bu cür hallarda şəxsi hesab vərəqəsində yaranmış təsdiqlənməmiş azalmanın aradan qaldırılması üçün vergi orqanına məktubla müraciət edərək bəyannamədə heç bir uyğunsuzluq olmadığı bildirilməli, təkrar kameral yoxlama aparılaraq azalma verilmiş bəyannamənin təsdiqlənməsi xahiş edilməlidir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?