19 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ezamiyyə xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?

“vergiler.az” iqtisadçı ekspert Anar Bayramovun ezamiyyə xərclərinin gəlirdən çıxılması ilə bağlı şərhini təqdim edir.

Qanunvericilikdə vergi ödəyicisinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən xidməti tapşırığı yerinə yetirmək üçün müəyyən olunmuş müddətə başqa yerə getməsi xidməti ezamiyyət sayılır. Təcrübədə təsisçiyə və ya xidmət müqaviləsi ilə fəaliyyət göstərən şəxsə ezamiyyə xərcinin hesablanması hallarına da rast gəlinir. Bu düzgün deyil, cünki ezamiyyə yalnız işçiyə ödənilən məbləğdir. Ezamiyyə məbləğinin gəlirdən çıxılmasına gəlincə, Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır.

Məcəllədəki “norma” anlayışı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilmiş həm respublikadaxili, həm də xarici ezamiyyə normaları nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilib. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilmiş 108.4-cü maddəyə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

Zəruri qeyd: Gündəlik xərclər üçün hər hansı təsdiqedici sənədlər tələb olunmur, yəni nahar üçün restoran çeki və ya mədaxil qəbzi almağa ehtiyac yoxdur.

Bəs işçiyə ödənilmiş ezamiyyə normasından artıq məbləğ gəlirdən çıxılırmı?

Misal: Vergi ödəyicisi qərar verir ki, işçi Bakı şəhərinə ezam olunsun, amma paytaxtda yemək qiymətlərinin yüksək olması səbəbindən işçiyə gündəlik xərc olaraq normada nəzərdə tutulan məbləğdən artıq - 30 manat ödənilsin. Bakı şəhərində gündəlik ezamiyyə norması 90 manat olduğu üçün, yemək xərci həmin məbləğin 20 faizi -18 manatdır. Vergi ödəyicisinin qərarına əsasən, gündəlik xərc olaraq 30 manat hesablanacaq.

Fərz edək ki, ezamiyyə müddəti 5 gündür, bu zaman işçiyə əlavə ödənilən 60 manat ((30 manat - 18 manat) x 5 gün) onun gəliri hesab olunacaq və əməkhaqqının üzərinə əlavə olunaraq gəlir vergisinə və sosial ayırmaya cəlb olunacaq. Həmin məbləğ heç bir halda gəlirdən çıxılan xərclərə aid edilə bilməz.

2-ci hala baxaq. Vergi ödəyicisi qərar verir ki, Gəncə şəhərinə ezam olunan işçiyə gündəlik xərc kimi 20 manat ödənilsin, amma bir şərtlə ki, yemək xərcini təsdiq edən sənədlər təqdim olunsun. Nazirlər Kabinetinin qərarına əsasən, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinin ezamiyyə norması 70 manat olduğundan, yemək xərci olaraq 14 manat (70 manat x 20%) nəzərdə tutulub. Vergi ödəyicisi bir günü 20 manatdan olmaqla, 3 günlük (60 manat) sənəd təqdim edir. Bu zaman ezamiyyə normasından artıq olan 18 manat ((20 manat -14 manat) x 3) işçinin gəliri hesab olunmur. Çünki işçi bu xərclə bağlı təsdiqedici sənədləri təqdim edib. O səbəbdən də 18 manat gəlirdən çıxılan xərclərə aid edilməsə də, mənfəət hesabına ödənilir.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb