1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Benzin və dizel yanacaqlarının satın alınması zamanı əvəzləşdirmə

Benzin və dizel yanacaqlarının, eləcə də maye qazın satın alınması zamanı vergi ödəyiciləri əvəzləşdirmə ilə bağlı təcrübədə bəzi suallarla qarşılaşırlar. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Tutaq ki, “AA” MMC yanacaq satan vergi ödəyicisindən 2390 manatlıq benzin alıb: bunun 2000 manatı əsas məbləğ, 360 manatı əlavə dəyər vergisi (ƏDV), 30 manatı da yol vergisidir.

Misal 1: “AA” MMC aldığı yanacağın əsas məbləğindən həmin ay 1000 manat, ƏDV-dən də 150 manat ödəyib. Yerdə qalan 1000 manat əsas məbləği, 30 manat yol vergisini və 210 manat ƏDV-ni isə növbəyi ay ödəyib.

Misal 2: “AA” MMC ilk ayda əsas məbləğdən 1000 manat, 360 manat ƏDV-ni isə tam ödəyib, qalan məbləği növbəti ayda ödəyib.

Misal 3: Birinci ayda 2000 manat əsas məbləğ və 30 manat yol vergisi tam ödənilib, ƏDV-nin isə 180 manatı ödənilib və qalan 180 manatı növbəti aya keçirilib.

Sual: Hər üç halda “AA” MMC tərəfindən əvəzləşdirilmələr necə olacaqdır? Əsas məbləğ ödəniləndə hansı məbləğlər birinci bağlanmalıdır: yol vergisi, yoxsa ƏDV-siz əsas məbləğ?

İlk olaraq qeyd edək ki, qanunçuluqda əsas məbləğ ödəniləndə hansı hissənin nəzərə alınması ilə bağlı xüsusi bir tələb yoxdur.

Vergi Məcəlləsinin 211-ci maddəsində yazılmışdır ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

Göründüyü kimi, yol vergisi son olaraq hesablanan və əsas məbləğə, ƏDV-yə və aksiz vergisinə əlavə olunmuş məbləğdir. Yəni ilkin olaraq əsas məbləğ, ƏDV və ya aksiz vergisi götürülür, sonda isə cəmlənmş məbləğə yol vergisi daxil edilir.
Odur ki, ödənişlər zamanı bu ardıcıllıqlar nəzərə alınmalıdır. Yəni ilkin olaraq əsas məbləğ, sonra isə yol vergisi borc kimi bağlanmalıdır.

Birinci misalımızda ödənilən əsas məbləğ 1000 manat olub ki, bunun 18% dərəcəsi ilə ƏDV-si 180 manat təşkil edir. Amma ödənilən ƏDV 150 manat olduğuna görə birinci ayda əvəzləşdirilən məbləğ də 150 manat təşkil edəcəkdir. İkinci ayda isə yerdə qalan həm əsas məbləğ, həm yol vergisi, həm də qalan ƏDV ödənildiyindən, 210 manat ikinci ayda əvəzləşdiriləcəkdir.

İkinci misalımızda ƏDV-nin tam ödənilməsinə baxmayaraq əsas məbləğdən 1000 manat keçirilib. Ona görə də birinci ayda 1000x18%=180 manat əvəzləşdiriləcəkdir. Yol vergisi son ödənişdə nəzərə alınır. İkinci ayda yerdə qalan 180 manat əvəzləşdiriləcəkdir.

Üçüncü misalda tam məbləğin yol vergisi ilə birlikdə birinci ayda ödənilməsinə baxmayaraq, ƏDV-dən ancaq 180 manat ödənilib. Odur ki, əvəzləşdirləcək məbləğ birinci ayda 180 manat, ikinci ayda da 180 manat olacaqdır.

Qeyd edək ki, belə hallara təcrübədə nadir rast gəlinir. Yəni yanacaq, dizel, maye qaz satan yanacaqdoldurma məntəqələri, adətən, tam məbləğləri və ƏDV-ni alandan sonra məhsullarını satırlar.

Fəxriyyə İKRAMQIZI

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ