4SİM növbəti “Sənaye 4.0 Hakaton”u keçirəcək
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə dekabrın 2-də süni intellekt agentlərinin sənayedə tətbiqinə həsr olunmuş “Sənaye 4.0 Hakaton” yarışması keçiriləcək. Tədbirin əsas məqsədi süni intellekt texnologiyalarından istifadə etməklə sənaye müəssisələrinin real biznes problemlərinə innovativ həllərin hazırlanmasını təşviq etməkdir.
Hakatonda iştirakçılara təqdim olunacaq tapşırıqlar 4SİM tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”na qoşulmuş yerli müəssisələrin real ehtiyacları əsasında formalaşdırılacaq. İştirakçılar süni intellekt agentlərinin imkanlarından yararlanaraq konkret problemlərin həlli üçün işlək prototiplər hazırlayacaqlar.
Yarışda iştirakçılar istehsalat proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması, məlumatların idarə edilməsi və biznes proseslərinin avtomatlaşdırılması kimi istiqamətlərdə mövcud çağırışlar üzərində çalışacaqlar.
Tədbir çərçivəsində, həmçinin, Sənaye 4.0 texnologiyalarının biznes proseslərinə inteqrasiyası və süni intellekt agentlərinin müəssisələrin fəaliyyətində tətbiq imkanlarına dair tematik sessiyalar keçiriləcək.
Hakatona qoşulmaq istəyən şəxslər https://hack4senaye2026.az/ saytı vasitəsilə qeydiyyat barədə məlumat əldə edə bilərlər.
