11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti Korporativ Qeydiyyatçılar Forumunun mükafatına layiq görülüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dünya üzrə kommersiya qeydiyyatçılarının 60-dək qurumunu özündə birləşdirən Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İnnovasiya Mükafatına layiq görülüb.

Mükafat müsabiqənin nəticələrinə həsr olunub və bütün CRF üzvlərinin iştirak etdiyi videoformatda keçirilən “CRF İnnovasiya Mükafatları Virtual Mərasimi” zamanı Azərbaycan tərəfinə təqdim edilib.
Dövlət Vergi Xidmətindən bildirilib ki, müsabiqə CRF tərəfindən 2020-ci ilin may ayında iki nominasiya - CRF İnnovasiya Mükafatı (mükəmməllik - excellence) və CRF İnnovasiya Mükafatı (təqdir - commendation) üzrə elan edilib. Dekabrın 31-dək davam edən müsabiqədə Dövlət Vergi Xidməti “Bir prosedurla dövlət qeydiyyatı” (State registration with single procedure) layihəsi ilə çıxış edib və müsabiqənin nəticələrinə əsasən, “Təqdir” kateqoriyasında qalib gəlib.

CRF İnnovasiya Mükafatları virtual mərasimində çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, Dövlət Vergi Xidmətinin rəis müavini Orxan Nəzərli layihə ilə bağlı ölkəmizin təcrübəsini bölüşüb.

Bildirilib ki, Dövlət Vergi Xidməti rəqəmsal texnologiyalar vasitəsilə qeydiyyat prosedurlarının asanlaşdırılması istiqamətində fəal iş aparır və bir prosedurla sürətli qeydiyyat bu nailiyyətlərdən biridir. O.Nəzərli Vergi Xidmətinin vergiödəyicilərinə hərtərəfli və müasir xidmətlər göstərmək üçün yeni layihələr üzərində işləməyə davam edəcəyini vurğulayıb.

Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin rəisi Ələkbər Məmmədov layihə ilə bağlı təqdimatla çıxış edib.

Mərasimdə CRF tərəfindən Dövlət Vergi Xidmətinə qalib gəldiyi layihəyə görə - sertifikat və xüsusi lövhə təqdim olunub.

Qeyd olunub ki, CRF-in “Təqdir” mükafatına Azərbaycanla yanaşı, Sinqapur, Sloveniya, Cənubi Afrika Respublikası və Birləşmiş Krallığın qeydiyyat qurumları da layiq görülüb. Mükəmməllik kateqoriyasında isə Fici və Şimali Makedoniya Respublikasının qeydiyyat qurumları qalib elan edilib.

Forumun əsas məqsədi nümayəndələrin beynəlxalq korporativ biznes qeydiyyatı sahəsində son yeniliklərlə tanış edilməsi və korporativ biznes qeydiyyatı sistemlərinin hazırkı və gələcək əməliyyatlarına dair təcrübə və məlumat mübadiləsinin aparılmasıdır.

Korporativ Qeydiyyatçılar Forumu kommersiya qeydiyyatçılarının xidmətlərinin yaxşılaşdırılması və qeydiyyat sahəsində müxtəlif ölkələrin aidiyyəti orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 2003-cü ildə Yeni Zelandiyanın Okland şəhərində təsis edilib və hazırda qeydiyyat sahəsində geniş təcrübəyə malik olan Sinqapur, Yeni Zelandiya, Avstraliya və Kanada kimi ölkələr də daxil olmaqla üzv ölkələrin qeydiyyatla məşğul olan 60 təşkilatını birləşdirir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2012-ci ildə CRF-in tam hüquqlu üzvlüyünə qəbul edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?