19 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

28 illik şərəfli yol!

"Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir!"

Ümummilli lider Heydər ƏLİYEV

1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ötən 28 ildə mühüm siyasi-iqtisadi, sosial, tarixi-mədəni inkişaf yolu keçib, böyük uğurlara imza atıb. XX əsrdə ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycanda demokratik dövlət quruculuğu, yeni ictimai-siyasi və sosial-iqtisadi sistemə transformasiya, bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması obyektiv zərurətə çevrilmişdi. Müstəqilliyin ilk illəri respublikamız üçün çətin və ağır tarixi bir şəraitlə müşayiət olunurdu. Qarşıda ölkəmizin ərazi bütövlüyünün qorunması, ictimai təhlükəsizliyin və sosial-iqtisadi rifahın təmin edilməsi kimi mühüm vəzifələr dayanırdı.

90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı. O dövrün iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın nəzərə çarpır. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar ki, 2/3-ni itirmiş, istehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdı. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmiş, iki il sonra isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə - 1763,5 faizə çatmışdı. Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank tərəfindən maliyyələşdirilirdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına demək olar ki, xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250 faizə çatmışdı. Əslində ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Qeyd olunan proseslər əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı isə 5,7 dəfə azalmışdı.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra
uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bütün çətinliklərə
baxmayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat
sisteminə inteqrasiyası sahəsində böyük quruculuq işləri həyata keçirildi

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bütün çətinliklərə baxmayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində böyük quruculuq işləri həyata keçirildi. Özəl mülkiyyət münasibətlərinin əsasını qoyan özəlləşdirmə islahatlarının başlanması, habelə zəngin enerji ehtiyatlarının səmərəli istifadəsi və idarə olunmasını nəzərdə tutan qlobal və regional əhəmiyyətli neft-qaz strategiyasının yaradılması və uğurla reallaşdırılması yeni iqtisadi quruculuq işinin ana xəttinə çevrildi.

1993-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatında sabitləşmə başlandı. Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişaf strategiyası hazırlandı. İlk növbədə liberal bazar iqtisadiyyatının qanunvericilik bazası yaradıldı, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunlar, dövlət proqramları qəbul olundu. Azərbaycan özünün milli sosial-iqtisadi inkişaf modelini hazırladı. Bu modelin əsasını ölkə iqtisadiyyatının inkişafında, onun təhlükəsizliyinin təmin edilməsində, mövcud resurslardan səmərəli istifadə olunmasında, dünya iqtisadiyyatına inteqrasiyada və vətəndaşların rifah halının yüksəldilməsində sosialyönümlü bazar iqtisadiyyatı strategiyası təşkil etdi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı və neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Bu müqavilə Azərbaycanın potensial imkanlarını bütün dünyaya göstərməklə yanaşı, xarici investorların ölkəmizə marağının iqtisadi əsaslarını yaratmış oldu.

1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ölkədə sosial, siyasi, iqtisadi islahatlara geniş zəmin yaratdı. 1996-cı ildə torpaq islahatları həyata keçirildi. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə Azərbaycan MDB-də ilk islahat aparan ölkə hesab olunur. 1997-ci ildən başlayaraq dövlət əmlakının özəlləşdirilməsinə start verildi. Bütün bu islahatlar sayəsində ölkədə güclü sahibkarlar təbəqəsi formalaşdı, özəl bölmənin payı artmağa başladı. 1997-1998-ci illərdə özəl sektorun çəkisi ÜDM-də 8-10 faiz təşkil edirdisə 2003-cü ildə bu rəqəm 50 faizə çatdı.

1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın
potensial imkanlarını bütün dünyaya göstərməklə yanaşı, xarici
investorların ölkəmizə marağının iqtisadi əsaslarını yaratmış oldu

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1999-cu ildə Bakı-Supsa neft kəməri istismara verildi və bununla da neftin ixrac marşrutlarının diversifikasiyası yaradıldı. Neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədilə 1999-cu ildə Dövlət Neft Fondu təsis edildi. Həmin strategiyaya uyğun olaraq, neft və qaz gəlirləri əsasən makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın, infrastruktur sahələrinin inkişafına, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsinə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına və digər sosial problemlərin həllinə, eləcə də iqtisadiyyatın intellektual və texnoloji səviyyəsinin yüksəldilməsinin stimullaşdırılmasına, "insan kapitalı"nın inkişafına yönəldilir. Azərbaycanın xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, Asiya İnkişaf Bankına üzv qəbul olundu.

1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi - bərpa dövrü başlandı. Ölkədə maliyyə, pul-kredit, vergi, qiymət, gömrük və digər sahələrdə geniş islahatların həyata keçirilməsi Azərbaycanın iqtisadi həyatında mühüm dönüş yaratdı və sonrakı illərdə iqtisadiyyatın bütün bölmələrində artım meyilləri müşahidə olundu. 1995-2003-cü illərdə ölkəmizin strateji valyuta ehtiyatlarından istifadənin səmərəliliyi təmin olundu, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırıldı. Müstəqilliyin ilk illərində ölkəmizin valyuta ehtiyatları olmadığı halda, artıq 2003-cü ildə ölkənin 1,6 milyard dollara qədər strateji valyuta ehtiyatları formalaşdırıldı. 1995-2003-cü illər ərzində ölkənin strateji valyuta ehtiyatları 85 dəfə artdı.

1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması
ölkədə sosial, siyasi, iqtisadi islahatlara geniş zəmin yaratdı

Azərbaycanın 2003-cü ildən sonrakı inkişaf xətti liberal bazar iqtisadiyyatının daha da dərinləşməsi, Avropa İttifaqı və digər dünya ölkələri ilə sıx inteqrasiyası istiqamətində quruldu. Həmin il dövlət başçısı seçilən Prezident İlham Əliyev tərəfindən iqtisadi islahatlar davam etdirildi, yeni proqram və layihələr hazırlanaraq həyata keçirildi.

Azərbaycanın paytaxtı ilə regionları arasında tarazlığı bərpa etmək, bölgələrdə inkişafa nail olmaq məqsədilə 2004-cü il fevralın 11-də təsdiqlənmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" həyata keçirildi. 2009-cu il aprelin 14-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiqləndi. Hər iki proqram çərçivəsində ölkədə 1,2 milyondan çox yeni iş yeri açılıb. Həmin proqramların icrası nəticəsində 2004-cü ildən etibarən on minlərlə müəssisə yaradılıb. Bu tədbirlərin sayəsində ölkədə yoxsulluq və işsizliyin səviyyəsi 5 faizə qədər azalıb.

Ölkədə maliyyə sabitliyinin daha da gücləndirilməsi, valyuta bazarının qlobal çağırışların təsirindən qorunması, milli valyutanın sabit pul aləti kimi dəyərinin möhkəmləndirilməsi, ən əsas məqsəd kimi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutalarının məzənnələrinə uyğun formalaşdırılması məqsədilə 2005-ci ilin sonlarından başlayaraq yeni pul islahatı - denominasiya həyata keçirildi. Dövriyyəyə yeni manatlar - 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 qəpik metal pul nişanları dövriyyəyə buraxıldı. Həyata keçirilən pul siyasəti ölkədə makroiqtisadi sabitliyin təmin olunmasını gücləndirdi. Azərbaycan 2006-cı ildən başlayaraq enerji siyasətini şaxələndirdi və dünya ölkələrinin enerji təminatında mühüm təchizatçı ölkələrdən birinə çevrildi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi ilə ölkəmiz Avropanın əsas enerji tərəfdaşlarından birinə çevrildi. 2011-ci ildə Azərbaycan və Türkiyə Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinə dair anlaşma memorandumunun, 2013-cü ilin iyun ayında isə Trans Adriatik qaz kəməri (TAP) layihələrinə dair dövlətlərarası sazişlərin imzalanması, eləcə də, 2013-cü il sentyabrın 18-də "Şahdəniz-2" layihəsinə sanksiya verilməsi dünyanın enerji xəritəsində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

Azərbaycanın 2003-cü ildən sonrakı inkişaf xətti liberal bazar
iqtisadiyyatının daha da dərinləşməsi, Avropa İttifaqı və digər dünya
ölkələri ilə sıx inteqrasiyası istiqamətində quruldu

2010-cu ildə keçid iqtisadiyyatını arxada qoyaraq Avropa İttifaqı ölkələri ilə sıx inteqrasiyanı gücləndirən Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların, aparıcı reytinq agentliklərinin qiymətləndirmələrində öz əksini tapdı. Azərbaycan 2011-ci ilin sonlarında 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.

Azərbaycan hazırda informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövlətlər qrupuna daxil olub. 2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykini orbitə çıxarılması ölkəmizin həyatında çox əlamətdar, tarixi bir gün, böyük nailiyyət olmaqla yanaşı, ölkəmizin kosmik dövlətlər sırasına daxil olmasına səbəb olub.

2015-ci ildə dünya iqtisadi böhranının təsirləri nəticəsində baş verən devalvasiyalardan sonra həyata keçirilən ciddi iqtisadi islahatlar, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft-qaz sektorunun inkişafına göstərilən dövlət dəstəyi, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, 2019-cu ildə reallaşdırılan sosial siyasət, pensiya və müavinətlərin, əmək haqlarının artırılması, vergi siyasəti sahəsində həyata keçirilən köklü dəyişikliklər, dövlət-biznes münasibətlərində yeni yanaşma, formalaşdırılan əlverişli biznes mühiti ölkəmizin inkişafını şərtləndirən əsas amillərdən birinə çevrildi. Məhz həyata keçirilən düzgün iqtisadi siyasətin, planlı-düşünülmüş və ardıcıl idarəetmənin nəticəsidir ki, bu gün Azərbaycan dünya siyasətində etibarlı və bərabər hüquqlu tərəfdaş kimi qəbul olunur. İqtisadiyyatımıza son illərdə yatırılan 260 milyard dollardan artıq investisiya Azərbaycana, dövlətimizə və onun firavan gələcəyinə, xüsusilə də Azərbaycan Prezidentinə olan inam və etibardan, onun həyata keçirdiyi siyasətə etimaddan xəbər verir.

Azərbaycan 2011-ci ilin sonlarında 155 ölkənin etimadını qazanaraq
BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi

Müstəqil Azərbaycan Respublikasının ötən 28 ildə əldə etdiyi nailiyyətlərdə, iqtisadi inkişafda həyata keçirilən vergi-fiskal siyasəti də mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli fərmanı ilə yaradılan Vergilər Nazirliyi ölkədə müstəqil vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi sahəsində mühüm rol oynayıb. 2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən Vergi Məcəlləsi isə vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etdi, islahatların genişləndirilməsi üçün təkan rolunu oynadı.

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən vergi siyasəti nəticəsində vergi qanunvericiliyi mütəmadi olaraq təkmilləşdirilib, dəqiqləşmələr aparılıb. Dövlət başçısının vergi sistemini təkmilləşdirmək, vergitutma bazasını genişləndirmək, vergi xidmətini müasir Avropa standartlarına çatdırmaq haqqında verdiyi tapşırıqlar vergi sisteminin inkişafında xüsusi rol oynayıb.

2019-cu ildə reallaşdırılan sosial siyasət, pensiya və müavinətlərin, əmək haqlarının
artırılması, vergi siyasəti sahəsində həyata keçirilən köklü dəyişikliklər, dövlət-biznes
münasibətlərində yeni yanaşma, formalaşdırılan əlverişli biznes mühiti
ölkəmizin inkişafını şərtləndirən əsas amillərdən birinə çevrildi

Ötən illərdə vergi qanunvericiliyi davamlı olaraq təkmilləşdirilib. Bu, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi güzəştlərinin tətbiqinə, vergidən yayınma hallarına qarşı səmərəli mübarizənin təşkilinə, dövlət-biznes münasibətlərinin təkmilləşdirilməsinə, əlverişli investisiya mühitinin yaradılmasına səbəb olub. Həyata keçirilən bu tədbirlər vergi daxilolmalarının həcminin ilbəil artmasına imkan verib. Xüsusilə qeyri-neft və qaz sektorundan daxilolmalar aparılan mütərəqqi dəyişmələrə adekvat olaraq artmaqdadır.

Vergi qanunvericiliyində aparılan dəyişikliklər və təkmilləşmə prosesi davamlı xarakter daşıyır, dəyişikliklər vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınmasına, sahibkarlıq subyektlərinin sərəncamında daha çox vəsaitin qalmasına xidmət edir. Hazırda vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi siyasətində islahatlar, böyük həcmli güzəştləri özündə əks etdirən dəyişikliklər həyata keçirilməkdədir.

Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı proqram xarakterli çıxış edərək vergi sahəsində həyata keçirilən islahatlara və əldə olunan nəticələrə qiymət verib: "Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var".

Anar ƏLİYEV

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb