46 günlük məzuniyyət hüququ kimlərə şamil edilir? - YENİLİK
2026-cı il yanvarın 1-dən qüvvəyə minmiş Əmək Məcəlləsində dəyişikliklərin mühüm hissəsi işçilərin əmək məzuniyyəti hüququ və onun hesablanıb ödənilməsi ilə bağlı məqamları əhatə edir. Bunların sırasında müharibə iştirakçılarına verilən əmək məzuniyyətlərinin müddəti, ayrı-seçkiliyin aradan qaldırılması kimi məsələlər də yer alıb.
İnsan resursları üzrə ekspert Ramin Hacıyev dəyişikliyi “vergiler.az”a şərh edir.
Ümumi olaraq, Əmək Məcəlləsində dəyişikliklər aşağıdakı mövzuları əhatə edir:
- Əmək Məcəlləsinin mahiyyəti üzrə təkmilləşdirilməsi;
- Yeni anlayışların qanunvericiliyə gətirilməsi;
- Əmək müqaviləsinə xitam verilməsi halları üzrə yeniliklər;
- Sosial təminat və məzuniyyət hüquqları ilə bağlı dəyişikliklər.
İşçilərin məzuniyyət hüquqları ilə bağlı Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən biri də 120-ci maddəni əhatə edir. Həmin maddə Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətlərinin müddətlərindən bəhs edir. Əvvəlki redaksiyada bu kateqoriyadan olan işçilərin siyahısı aşağıdakı kimi idi:
- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilər;
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları;
- Azərbaycanın Milli Qəhrəmanları;
- Sovet İttifaqı Qəhrəmanları;
- 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular;
- “İstiqlal” ordeni ilə təltif olunmuş işçilər;
- Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər.
Qanunvericiliyin hazırkı tələbinə görə isə xüsusi xidməti olan, 46 təqvim günü əmək məzuniyyəti verilən işçilərin siyahısı belədir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilər;
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış işçilər;
- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilər;
- Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilər;
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları;
- Azərbaycanın Milli Qəhrəmanları;
- Sovet İttifaqı Qəhrəmanları;
- Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilər;
- “İstiqlal” ordeni ilə təltif olunmuş işçilər;
- Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər.
Dəyişiklikdən sonra 46 təqvim günü məzuniyyət hüququ olan işçilərin siyahısı genişləndirilib. Bundan sonra 120-ci maddənin əvvəlki redaksiyasından fərqli olaraq, aşağıda qeyd olunan xüsusi xidmətlər göstərmiş işçilərə də 46 təqvim günü əmək məzuniyyəti veriləcək:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan;
- 1990-cı ilin 20 Yanvar hadisələri ilə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan;
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış;
- Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş;
- Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilər.
Qeyd olunan maddə üzrə edilmiş dəyişiklik xüsusi xidmətləri olan işçilərin bütün kateqoriyalarını əhatə edir.



