19 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçilərin süni şəkildə yararlandığı kompensasiya tələbinə son DƏYİŞİKLİK

Əmək Məcəlləsində edilmiş sonuncu dəyişikliklərdən biri də məzuniyyət hüququ, onun rəsmiləşdirilməsi və uçotu ilə bağlıdır.

Yeniliyi “vergiler.az”a sərbəst auditor Altay Cəfərov şərh edir.

Əmək Məcəlləsinin 138-ci maddəsi işçilərə məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılmasını müəyyən edir. Maddənin 1-ci hissəsində göstərilib ki, bu maddənin 2-1-ci hissəsində müəyyən edilmiş hal istisna olmaqla, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Həmin maddənin 2-ci bəndində isə qeyd olunub ki, məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.

Əmək Məcəlləsinin 138-ci maddəsinə yeni əlavə edilmiş 2-1-ci hissəyə əsasən, işəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyib məzuniyyətdən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilir. Eyni zamanda, Məcəllənin 135-ci maddəsinin 1-ci bəndində göstərilib ki, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

Əmək Məcəlləsində əmək məzuniyyəti ilə bağlı qısaca tələblər belədir:

- Növbəti ilin əmək məzuniyyəti üçün cari ilin sonlarında işəgötürən tərəfindən növbəlilik cədvəli tutulmalı və imzalanmalıdır (işçilərin rəyləri nəzərə alınmaqla).

- Əmək məzuniyyətinə çıxmazdan əvvəl işçi müvafiq ərizə ilə müraciət etməlidir.

- İşəgötürən əmr imzalamalı və həmin əmrlə işçini tanış etməlidir.

- Həmçinin işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi də qadağandır. Bu, inzibati məsuliyyət yaradır.

Ancaq təcrübədə tez-tez rastlaşdığımız hallardan biri işçinin əmək məzuniyyətindən istifadə etmək istəməməsidir. Səbəb kimi bildirirlər ki, əmək məzuniyyəti dövründə işləmək istəyirlər və sonradan məzuniyyətdən istifadə olunmamasına görə kompensasiya tələb edirlər. İşəgötürən də əmək məzuniyyətinin verilməməsinin qadağan olduğunu bildirdikdə və hökmən məzuniyyətə getməyi tələb etdikdə, bildirirlər ki, onlar əmək məzuniyyətinə getmək istəmələri haqqında işəgötürənə ərizə ilə müraciət etməyiblər.

Yəni işçi ərizə verməyibsə, işəgötürən onu əmək məzuniyyətinə göndərə bilməz.

Beləliklə, 138-ci maddəyə əlavə edilmiş 2-1-ci hissə bu boşluğu tam aradan qaldırmış olur. Artıq işəgötürən işçinin növbəlilik cədvəlinə uyğun əmək məzuniyyətinin vaxtı çatanda onun bu hüququndan istifadə etməsi ilə bağlı ərizəsi olmasa, ona yazılı xəbərdarlıq edəcək. Bu zaman işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə uyğun olaraq əmək məzuniyyətindən istifadə edilməsi haqqında əzirə vermədikdə və başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək məzuniyyətdən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə, o, artıq işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndəriləcək.

Sadə formada desək, işçi əmək məzuniyyətindən könüllü formada istifadə etmək istəmədiyi halda, işəgötürən xəbərdarlıq etməklə məcburi formada onu əmək məzuniyyətinə göndərəcək. İşçilərin və işəgötürənlərin hüquqlarının təmin olunması baxımından, bu dəyişiklik çox vacib bir yenilikdir.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?