14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Müəllimlərin əmək məzuniyyəti və onun hesablanması qaydası

Müəllimlərin əmək məzuniyyəti və onun hesablanması qaydası II HİSSƏ

Yazının əvvəlki hissəsi ilə buradan ( I HİSSƏ ) tanış olmaq olar.

4. Məzuniyyət dövrü üçün orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan qazanclar

Əmək Məcəlləsinin 139-cu maddəsində məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əməkhaqqı növləri müəyyən edilib. Həmin maddəyə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı hesablanarkən bu Məcəllənin 154-cü maddəsinin I hissəsi ilə müəyyən edilmiş əməkhaqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Həmçinin, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması qaydası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əməkhaqqı nəzərə alınan qazanc növləri kimi müəyyən olunub. Bu baxımdan, nümunədə qeyd edilən iyul və avqust ayları üzrə ödənilmiş məzuniyyət haqları da hesablamada nəzərə alınacaq. Nəticədə son 12 ayın cəmi gəliri 15.065 manat olacaq.

Qeyd edilənləri nəzərə almaqla, nümunə üzrə məzuniyyət dövrü üçün orta əməkhaqqının hesablanmasına baxaq.

Son 12 aylıq dövrün nəzərə alınan qazancı: 15.065 manat;
Orta aylıq əməkhaqqı: 15.065 : 12 ay = 1.255,42 manat;
Orta gündəlik əmək haqqı: 1.255,42 : 30.4 = 41.30 manat;
Məzuniyyət dövrü üçün orta əməkhaqqı: 41.30 x 56 = 2.312,61 manat.

5. 12 aydan az işləyib məzuniyyətə çıxanların məzuniyyət haqqının hesablanması qaydası

12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Misal 3: Sentyabrın 15-dən yeni işə başlayan müəllimin tədris ilində aldığı əməkhaqqı aşağıdakı kimi olub:

2024

Sentyabr

650

Oktyabr

1.100

Noyabr

1.200

Dekabr

1.330

2025

Yanvar

1.350

Fevral

1.350

Mart

1.300

Aprel

1.300

May

1.400

İyun

1.400

Müəllimin iyulun 1-dən 56 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxdığını nəzərə alaraq, məzuniyyət dövrü üçün orta əməkhaqqının hesablanmasına baxaq. Nümunədəki müəllim 12 təqvim ayından az işləyərək məzuniyyətə çıxdığı üçün onun məzuniyyət dövründə orta əməkhaqqı, faktiki olaraq, işlədiyi tam təqvim ayları əsasında hesablanacaq. Yəni hesablamada sentyabr ayı nəzərə alınmayacaq. Bu zaman oktyabr -iyun aylarını əhatə edən dövrlər üzrə gəlirlərə əsasən hesablama aparılacaq:

Oktyabr – iyun ayları üzrə nəzərə alınan cəmi qazanc: 11.730 manat;
Orta aylıq əməkhaqqı: 11.730 manat : 9 ay = 1.303,33 manat;
Orta gündəlik əməkhaqqı: 1.303,33 : 30.4 = 42.87 manat;
Məzuniyyət dövrü üçün orta əməkhaqqı: 42.87 x 56 = 2.400,88 manat.

Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.

Sonda bir məqamı da qeyd edək ki, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?