21 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Banklar hansı hallarda offşor ərazidə yerləşən şirkətdən alınan mal və xidmətlərə görə vergi tutmur?

Güzəştli vergi tutulan ərazilərə və ölkələrə ödəniş edilən zaman həmin vəsait Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunur. Lakin qanunvericiliyin tələbinə görə, bəzi hallarda banklar bu vergini tutmamalıdır. Həmin halları və əsasları “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov açıqlayır. 

Vergi Məcəlləsinin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakın alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin məbləğ Vergi Məcəlləsinin 125-1-ci maddəsinə uyğun olaraq, ödəmə mənbəyində vergiyə cəlb edilmir.

Misal 1: Tutaq ki, vətəndaş güzəştli vergi tutulan ərazi hesab edilən ölkə olan Monakoya səfər edir. Səfər zamanı Monakodan öz şəxsi istifadəsi üçün kompüter avadanlığı alır və ödənişi bank kartı vasitəsilə həyata keçirir. Belə olan halda, ödənişin güzəştli vergi tutulan ərazidə yerləşən şirkətə köçürülməsinə baxmayaraq, Vergi Məcəlləsinin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndinə əsasən, bank agent olaraq həmin köçürmədən ödəmə mənbəyində vergini tutmur və büdcəyə ödəmir.

Burada diqqət edilməli məqam və bir-birinə oxşayan, lakin çox mühüm fərq ondan ibarətdir ki, Məcəllənin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndində “güzəştli vergi tutulan ölkələrdən və ya ərazilərdən” deyil, “güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə” şəxsi istehlak məqsədilə malların alışı, habelə “güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə” deyil, “güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə” ödənişlər edildikdə qeyd edilib. Yəni, əgər şəxsi məqsədlər üçün malı, xidməti alan vətəndaş həmin malı, xidməti fiziki olaraq offşor ərazidə olarkən alarsa və ödənişi də kart vasitəsilə həmin ərazidə nağdsız qaydada həyata keçirərsə, o zaman Vergi Məcəlləsinin tələbinə əsasən, bank agent kimi ödəmə mənbəyində vergi tuta bilməz.

Əgər vətəndaş öz şəxsi istehlakı üçün güzəştli vergi tutulan ölkəyə getmədən həmin ölkədə yerləşən şirkətdən sifariş edərək mal alsa belə və həmin malın ödənişini bankdan köçürdüyü zaman bank tərəfindən Vergi Məcəlləsinin 125-1 maddəsinə əsasən, ödəmə mənbəyində vergi tutulmalıdır.

Misal 2: Tutaq ki, vətəndaş öz şəxsi istehlakı üçün güzəştli vergi tutulan ərazi hesab edilən Honkonqdan 20.000 ABŞ dolları dəyərində avtomobil sifariş edir və təchizatçı şirkət həmin avtomobili Azərbaycandakı müştərisi olan vətəndaşa göndərir. Vətəndaş təchizatçı şirkətin təqdim etdiyi sənədlər əsasında bank vasitəsilə ödəniş etmək istəyir. Belə olan halda, bank mütləq Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən 10% dərəcəsi ilə 2.000 dollar məbləğində ödəmə mənbəyində vergini tutub büdcəyə köçürməlidir.

Amma audit yoxlamaları zamanı tez-tez rastlaşırıq ki, banklar tərəfindən bu kimi ödənişlər zamanı vətəndaşın güzəştli vergi tutulan ərazilərə və ya ölkələrə edilən ödənişlərindən Vergi Məcəlləsinin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndi əsas gətirilərək, həmin maddəyə istinad olunmaqla ödəmə mənbəyində vergi tutulmur. Bu da səyyar vergi yoxlamaları zamanı banklar üçün ciddi maliyyə sanksiyaları riski yaradır.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?