25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə

İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə

İcarə münasibətləri Azərbaycan Respublikasında vergi öhdəlikləri baxımından daim aktuallığını qoruyan və praktikada tez-tez suallar doğuran məsələlərdən biridir. Bu münasibətlər çərçivəsində əsas diqqətçəkən məqamlardan biri icarə haqqından tutulan vergi və bu verginin hesablanma qaydasıdır. 

Mövzunu “vergiler.az”a mühasib Fərid Zalov şərh edir. 

İcarə münasibətləri tərəflər arasında bağlanan icarə müqaviləsi əsasında tənzimlənir. Müqavilədə icarə haqqının vergi daxil və ya vergi xaric göstərilməsi vergi məbləğinin hesablanmasına birbaşa təsir göstərir. Bu baxımdan, tərəflərin razılaşması və müqavilədə bunu aydın şəkildə qeyd etməsi mühüm maliyyə və hüquqi əhəmiyyət kəsb edir.

Vergi Məcəlləsinin 13.2.16.11 və 13.2.16.12-cı maddələrinə əsasən, Azərbaycan Respublikasında istifadə edilən daşınan əmlakın icarəyə verilməsindən əldə olunan gəlir və Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan əldə edilən gəlir, o cümlədən bu əmlakda iştirak payının təqdim olunmasından gəlir Azərbaycan mənbəyindən gəlir kimi tanınır.

Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi tanınır. Məcəllədə göstərilib ki, verginin bilavasitə mənbədən tutulması dedikdə, gəlir və ya mənfəət əldə edilməzdən əvvəl verginin hesablanaraq ödənilməsi nəzərdə tutulur.

Qanunvericiliyə görə, fiziki şəxsdən icarəyə əmlak götürən hüquqi və ya fiziki şəxs icarə haqqından gəlir vergisini ödəmə mənbəyində tutmalıdır. Bu zaman icarəyə götürən şəxs vergi məbləğini hesablayaraq müvafiq məbləği dövlət büdcəsinə ödəyir və yalnız qalan hissəni icarəyə verən fiziki şəxsə ödəyir.

Vergi Məcəlləsinin 124-cü maddəsində göstərilib ki, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir, bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq, Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti, bu maddəyə uyğun olaraq, 14 faiz dərəcə ilə vergini ödəyir və Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun şəkildə vergi uçotuna alınıb bəyannamə verir.

Bu prosesi daha aydın izah edən iki fərqli müqavilə nümunəsinə baxaq:

Misal 1: Müqavilədə icarə haqqı, vergilər daxil olmaqla, 1.000 manat göstərilib. Bu halda, icarəyə götürən şəxs ödəmə mənbəyində 140 manat vergi məbləğini tutur və yalnız 860 manatı icarəyə verən fiziki şəxsə ödəyir (124-cü maddə – Ödəmə mənbəyində icarə haqlarından vergi tutulması):

1.000 × 14% = 140 manat;

Fiziki şəxsə ödənilən məbləğ:
1.000 - 140 = 860 manat.

Misal 2: Müqavilədə icarə haqqı, vergilər xaric olmaqla, 1.000 manat göstərilib. Bu halda, müqavilədə göstərilən 1.000 manat tam şəkildə fiziki şəxsə ödəniləcək. İcarəyə götürən isə əlavə olaraq 162.79 manat vergi hesablayaraq ödəyəcək:
Burada əvvəlcə vergilər daxil olmaqla icarə haqqı hesablanır:

1.000 : 0.86 = 1.162.79 manat;
1.162.79 × 14% = 162.79 manat.

Fiziki şəxsə ödənilən məbləğ:

1.162.79 - 162.79 = 1.000 manat.

Vergi Məcəlləsinin tam mətni və digər normativ hüquqi aktlarla tanış olmaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Qanunvericilik” bölməsinə (https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi), hesabat formaları və onların doldurulma qaydaları üçün isə “Bəyannamə” bölməsinə daxil olmaq tövsiyə olunur.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?