15 İyun 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bazar mülkiyyətçiləri və icarədarlara hansı hallarda maliyyə sanksiyası tətbiq olunacaq? - MƏBLƏĞLƏR

Mövzunu “vergiler.az”a vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev şərh edir

2025-ci ildən qüvvəyə minmiş Vergi Məcəlləsində ən mühüm dəyişikliklərdən biri bazarların fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır. Bununla əlaqədar Vergi Məcəlləsinə yeni 16.1.11-15, 16.1.11-16 və 16.1.11-17-ci maddələr əlavə olunub. Bu maddələrə əsasən, bazarların mülkiyyətçiləri və ya bazarlar idarəetməyə verildikdə bazarların idarəediciləri (kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla) aşağıdakı qaydalara riayət etməlidirlər:

- İcarəyə verilən əmlakı icarəyə götürənlər tərəfindən (obyekti) vergi orqanında uçota alındıqdan sonra icarəyə götürənlərin həmin obyektlərdə fəaliyyət göstərməsinə şərait yaratmaq;

Bu maddəyə əsasən, bazarların mülkiyyətçiləri (yaxud idarəediciləri) icarəyə verdikləri obyektləri icarəyə götürən şəxslər vergi orqanında qeydiyyata salmayana qədər həmin şəxslərin orada fəaliyyət göstərməsinə icazə verməməlidirlər. Bu qaydalara riayət etməyən bazarların mülkiyyətçilərinə (və ya idarəedicilərinə) Vergi Məcəlləsinin 2025-ci ildən qüvvəyə minmiş 58.15-2-ci maddəsinə uyğun olaraq, təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2.000 manat, ikinci dəfə aşkar edildikdə 4.000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

Məlumat üçün qeyd edirik ki, Vergi Məcəlləsinin 58.15-2-ci maddəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 16.12.2024-cü il tarixli Qanunu qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir.

- İcarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə (bunun üçün xüsusi forma təsdiq olunacaq) məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etmək;

Həmçinin, bu məlumatın vaxtında vergi orqanına təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən, bazarların mülkiyyətçilərinə (və ya idarəedicilərinə) 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Bundan başqa, bazar mülkiyyətçiləri (və ya idarəediciləri), həmçinin əmlak icarəyə götürən şəxslər tərəfindən əmlak sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə obyektin girişində həmin obyektin vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumat (arayış) yerləşdirilməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 58.2-1-ci maddəsindəki dəyişikliyə əsasən, qeyd olunan məlumatın (arayışın) əks etdirilməməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib? Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu? VergiGüzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır? VergiQeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər VergiBazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi? VergiƏhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər? VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır?