1 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyiciləri qarşı tərəfə hansı məlumatları açıqlayacaq? YENİ QƏRAR

Vergi Məcəlləsinə 1 yanvar 2024-cü ildən əlavə edilən 15.1.15-4-cü maddəyə əsasən, Məcəllənin 16.1.11-14-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)  müəyyən etdiyi qaydada, bu Məcəllənin 30.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etmək hüququ verilir. Yeniliyi “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Vergi Məcəlləsinin 15.1.15-4-cü madddəsində qeyd edilən Nazirlər Kabinetinin qərarı artıq təsdiq edilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 365 nömrəli Qərarı ilə “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları” təsdiq edilib.

Qaydalara əsasən, vergi ödəyicisinin razılığı ilə vergi orqanı vasitəsiylə aşağıdakı məlumatlar sorğuedənə təqdim edilə bilər:

- qeydiyyat tarixi;

- uçotda olduğu vergi orqanı;

- hüquqi şəxslərə münasibətdə qanuni təmsilçisi;

- əgər mövcuddursa əvvəlki VÖEN-i;

- təsərrüfat subyektləri (obyektləri) barədə məlumat (təsərrüfat subyektlərinin (obyektlərin) adı, aktivlik statusu, sahəsi və uçot kodu);

- qeydiyyat tarixi və uçotda olduğu vergi orqanı göstərilməklə Azərbaycan Respublikasında yerləşən filial və nümayəndəlikləri;

- riskli vergi ödəyicisi olub-olmaması;

- vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə vaxtı keçmiş öhdəlikləri, o cümlədən faizlər və maliyyə sanksiyaları üzrə borclar;

- əsas və əlavə fəaliyyət növləri;

- hüquqi şəxslərə münasibətdə qeydiyyatdan keçmiş nizamnamə kapitalı;

- təqdim edilmiş bəyannamə məlumatlarına əsasən dövriyyə məlumatları (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə);

- təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əsas vəsaitlərin və aktivlərin dəyəri (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə);

- son 24 ay üzrə həyata keçirilmiş idxal və ixrac əməliyyatlarının dəyəri;

- cari tarixə muzdlu işçilərin sayı və bəyan edilmiş orta aylıq əməkhaqqı məbləği;

- barəsində Dövlət Vergi Xidməti tərəfindən başlanılmış və ya həmin Xidmət tərəfindən ibtidai istintaqı aparılan cinayət işinin mövcud olub-olmaması;

- 3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə əldə edilmiş mallara dair məlumatlar (təqdim edilmə tarixi, malın adı, kodu, miqdarı, dəyəri).

Siyahıdan göründüyü kimi, vergi ödəyicisinin vergi orqanlarında əksər məlumatları qarşı tərəfə təqdim edilməsinə şərait yaradılıb. Vergi ödəyicisi qarşı tərəfdən mallar aldıqda nəinki vergi ödəyicisinın hazırki vəziyyəti, habelə son 24 ay üzrə idxal və ixrac məlumatlarını əldə edə biləcək. Bundan əlavə, vergi ödəyicisinin cari dövrə işçi sayı və onların orta əməkhaqqısı haqqında məlumat da qarşı tərəf üçün əlçatan olacaq. Vergi ödəyicisinin təqdim etdiyi müvafiq bəyannaməsi üzrə əsas vəsaitləri haqqında məlumatları da əldə etmək mümkündür.

Sorğu edilən şəxs məlumatları qismən təqdim edə və ya ümumiyyətlə etməyə bilər. Qaydalara əsasən, sorğu edən vergi ödəyicisi Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yerləşən kabineti vasitəsilə müraciət edir. Vergi orqanı həmin müraciət əsasında 2 iş günü müddətində məlumatları açıqlanan kontragentə elektron formada sorğu göndərir.

Kontragent, yəni məlumatları açıqlayan vergi ödəyicisi, təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə bu sorğuda əks olunan məlumatların hamısının və ya bir neçəsinin açıqlanmasına razılıq verə bilər. Təbii ki, vergi ödəyicisi sorğunu təsdiq etməyə də bilər. Əgər sorğu 3 iş günü ərzində təsdiqlənməzsə, bu zaman həmin sorğu ləğv olunacaq.

Sorğu edən şəxs 3 iş günü ərzində yalnız bir dəfə sorğu edə bilər. Qaydaların 3.4-cü maddəsinə əsasən, sorğu edən vergi ödəyicisi tərəfindən eyni vergi ödəyicisinə əvvəl göndərilən sorğuya 3 iş günü müddətində münasibət bildirilmədən təkrar sorğu göndərilməsinə yol verilmir.

Qeyd edək ki, portal üzərindən sorğulanmış məlumatların uçotu Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə həyata keçirilir. AVİS Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya edilir və digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsi EHİS vasitəsilə həyata keçirilir.

Sorğuedən şəxslərlə bağlı bəzi məsuliyyət tədbirləri də nəzərdə tutulub. Qaydalara əsasən, nəzərdə tutulmuş digər vergi ödəyicilərinin vergi orqanında olan kommersiya və ya vergi sirri təşkil edən məlumatlarının sorğu edən vergi ödəyicisi tərəfindən üçüncü şəxslərə ötürülməsinə görə sorğu edən vergi ödəyicisi Vergi Məcəlləsinin 30.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri VergiVəsaitlər əvəzləşdirilən zaman məbləğlərin gəlir və xərc kimi göstərilməsi VergiƏlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur? VergiYemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı? VergiHansı halda nağd ödəniş etmək mümkündür? VergiMusiqi əsərini xaricə satan fiziki şəxsin vergi öhdəlikləri Vergiİlin bəzi aylarında fəaliyyətini dayandıran vergi ödəyicisi 75 faizlik güzəştdən yararlana bilərmi? Vergiİcarə müqaviləsinin vergi orqanında qeydiyyatı Video“ƏDV geri al” layihəsi uğurla tətbiq edilir VİDEO VergiAktiv ƏDV ödəyicilərinin sayı 9,2 faiz artıb