26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sərnişin və yük daşınması ilə məşğul olan sahibkarlar hansı halda əmlak vergisindən azaddır?

Sərnişin və yük daşınması ilə məşğul olan sahibkarlar hansı halda əmlak vergisindən azaddır?

Respublika daxilində sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərini daha çox iki sual maraqlandırır:

1) 2022-ci il üçün əmlak vergisi bəyannaməsi təqdim edilməlidirmi?

2) Sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər balansında 1.000.000 manatdan yuxarı dəyəri olan nəqliyyat vasitəsi üçün əmlak vergisi ödəməlidirlərmi?

Suallara “vergiler.az” izləyiciləri üçün sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 218.4-cü maddəsinə əsasən:

bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Deməli, respublika ərazisində sərnişin və yük daşınması ilə məşğul olan şəxslər dövriyyələrindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi hesab olunur və fərqlənmə nişanını əldə edərək fəaliyyət göstərirlər. Onlar öz istəkləri ilə könüllü formada ƏDV ödəyicisi də ola bilərlər. Lakin bu halda vergitutma obyektləri dəyişir.

Vergi Məcəlləsinin 219.5.-ci maddəsində göstərilib ki, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.

Maddədən aydın olur ki, sadələşdirilmiş vergi ödəyicisi əmlak vergisi ödəyicisi olmaqdan azad edilmir. Yəni sadələşdirilmiş vergi ödəyicisləri həm də əmlak vergisinin ödəyiciləridir. Buradan belə nəticə alınır ki, sərnişin və yük daşınması ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri öz balansında olan əsas vəsaitlərin məbləğindən asılı olmayaraq, əmlak vergisinin də ödəyiciləri sayılırlar. Onlar əmlak vergisini ödəməli və əmlak vergisi bəyannaməsini təqdim etməlidirlər.

Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Balansında 1.000.000 manatdan artıq dəyərdə əsas vəsaiti olan mikro sahibkar isə əmlak vergisindən azad edilmir və əmlak vergisini ödəməlidir. Vergi ödəyicisi mikro sahibkar deyilsə, əmlak vergisini balansında olan əsas vəsaitlərin dəyərindən asılı olmayaraq ödəməlidir.

Nəticə olaraq qeyd edək ki, sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər bütün hallarda əmlak vergisi bəyannaməsini təqdim etməlidirlər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?