15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AİİB-in Müdirlər Şurasının 5-ci illik toplantısı keçirilib

İyulun 28-də Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının videokonfrans formatında 5-ci illik toplantısı keçirilib.

"AİİB-in 2030-cu ilədək orta və uzunmüddətli perspektivdə üzvlərinə dəstəkvermə yanaşması" mövzusunda təşkil edilmiş toplantıda Asiya regionunun inkişafı üzrə uzunmüddətli tendensiyalar və qısamüddətli makroiqtisadi dəyişikliklər, AİİB-in COVID-19 pandemiyası ilə mübarizə məqsədilə həyata keçirdiyi tədbirlər, üzv ölkələr üçün Bank tərəfindən təklif olunan dəstək və digər məsələlər müzakirə edilib.

İllik toplantının fəxri qonağı olan Çin Xalq Respublikasının prezidenti Si Tsinpin çıxış edib, Asiya infrastrukturunun inkişafı məqsədilə regional əlaqələndirmə istiqamətində yaradılan AİİB-in hazırda 6 materikin 102 üzv ölkəsini birləşdirməklə beynəlxalq səviyyəli maliyyə institutuna çevrildiyini qeyd edib, AİİB-in uğurlu fəaliyyətindən, koronavirus pandemiyası dövründə üzv ölkələrə göstərdiyi dəstəkdən məmnunluğunu ifadə edib, Bankın qarşıdakı dövrdə fəaliyyəti üzrə tövsiyələrini bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin AİİB-lə əməkdaşlığa mühüm önəm verdiyini vurğulayıb, həyata keçirilən birgə layihələr və qarşıdakı 10 il ərzində korporativ strategiyanın inkişafı barədə məlumat verib. Bildirilib ki, regional ticarəti və Avropada enerji təhlükəsizliyini dəstəkləyən TANAP layihəsi AİİB-lə əməkdaşlığın uğurlu nümunələrindəndir. Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu qeyd edən İqtisadiyyat naziri ölkəmizin müasir infrastruktur yaratmaqla beynəlxalq nəqliyyat qovşağına çevrildiyini, Asiya və Avropanı birləşdirən ən qısa nəqliyyat yolu olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Limanının region ölkələri arasında əməkdaşlığın genişləndirilməsində rolunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın bütün regional inkişaf səylərinə baxmayaraq, Ermənistanın təzavüzkar siyasəti bölgədəki iqtisadi əməkdaşlığın genişlənməsinə ciddi maneələr yaradır və iqtisadi potensialın tam reallaşdırılmasını məhdudlaşdırır. Mikayıl Cabbarov Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20%-nin son üç onillikdə Ermənistanın işğalı altında olmasını, 1 milyon əhalinin qaçqın və məcburi köçkünə çevrildiyini, iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin cəbhə bölgəsində deyil, Azərbaycanın iki dövlət arasındakı sərhəddə yerləşən mövqelərinə artilleriya silahlarından atəş açaraq hərbçi və mülki şəxsləri öldürməsini və yaralamasını, Ermənistanın təxribatının məqsədyönlü şəkildə münaqişə ətrafında vəziyyəti gərginləşdirdiyini, qonşu ölkənin işğalçılıq siyasətinin bölgədəki meqa enerji və nəqliyyat layihələrini ciddi risk altına aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

COVID-19 pandemiyasının neqativ təsirlərindən danışan Mikayıl Cabbarov bu təsirlərin aradan qaldırılması istiqamətində görülən işlər barədə də məlumat verib. O, Azərbaycanda əlverişli biznes mühitinin yaradıldığını və özəl sektorun inkişafına istiqamətlənmiş innovativ islahatların davam etdirildiyini vurğulayıb. Bildirilib ki, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin Azərbaycanda filialının təşkilinə başlanılıb və bu Mərkəz qlobal çoxtərəfli əməkdaşlıq üçün önəmli platforma rolunu oynayacaq. İqtisadiyyat naziri Azərbaycanın postpandemiya trendləri barədə danışıb, rəqəmsal iqtisadiyyat, İKT, aqrobiznes, tikinti, dağ-mədən, neft-kimya və turizm sektorlarının prioritet istiqamətlərdən olduğunu və bu sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.

AİİB prezidenti Jin Liqun Bankın fəaliyyəti, Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbirdə AİİB-in 2019-cu il üzrə hesabatı təqdim edilib, yeni üzvlərin qəbulu, növbəti ildə keçiriləcək illik toplantı barədə fikir mübadiləsi aparılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?