3 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron Kredit Platforması sahibkarların xidmətində

Güzəştli kredit almaq imkanları genişləndirilir

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.

Yeni qaydalara əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edir. Tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhvə verəcəkdir.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məs; çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində əlavə və dəyişikliklər edilərək, fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub.

Bununla yanaşı, sahibkarlara verilən yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətləri tətbiq olunacaq.

Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir.

Qeyd olunan mexanizmin tətbiqində sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan və ilk dəfə tətbiq olunan Elektron Kredit Platforması (www.e-edf.gov.az) vasitəsilə həyata keçirilir.

Belə ki, dövlət zəmanəti verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına (www.e-edf.gov.az) zəruri məlumatları daxil edir, müvəkkil kredit təşkilatını seçir və biznes-planına uyğun olaraq kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200.000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit üzrə isə 10 iş günü ərzində baxılır. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyektinin müraciətinə imtina verilərsə, səbəb kimi qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra, sahibkarın həmin və ya digər müvəkkil bank vasitəsi ilə yenidən müraciət etmək hüququ vardır.

Biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin, kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin ediləcək, sağlam rəqabət mühiti formalaşdırılacaq, sahibkarların kreditlərə çıxış imkanları genişləndiriləcək, sərf olunan vaxta və xərclərə qənaət olunacaq.

Tətbiq edilən digər yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir. Bu mexanizmin tətbiqi zərər çəkmiş sahibkarların maliyyə yükünün azaldılmasında əhəmiyyətli rol oynayacaq.

Ümumilikdə qeyd olunan proqramların icrası iqtisadi aktivliyin bərpa olunması, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması, maliyyə risklərinin bölüşdürülməsi, maliyyə-bank sektorunun canlanması, pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bank sektorunda likvidlik və problemli kreditlərin həcminin yüksəlməsi risklərinin aradan qaldırılmasına imkan yaradacadır.

Video link: Sahibkar Kredit Platforması məlumat

Video link: Sahibkar Kredit Platforması prezentasiya

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?