4 Dekabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nəqliyyat sahəsinə əməkdaşlıq Azərbaycanla İrana valyuta axınını təmin edəcək

İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami bəyan edib ki, cari ildə İranda 3500 kilometr yol inşa ediləcək.

Ərdəbil-Astara(İran) yolunun da yenidən qurularaq genişləndirilməsi nəzərdə tutulub. Hazırda İranın adıçəkilən 2 şəhərini birləşdirən yolda yenidənqurma işləri davam etdirilir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxildir və İran bu yoldan istifadə edərək Azərbaycan, Rusiya və digər MDB ölkələri ilə ticarət əlaqələrini daha da genişləndirmək niyyətindədir. Təxminən 100 kilometr bu yol yalnız İranın 2 şəhərini deyil, eyni zamanda, İranla Azərbaycanın avtomobil yolları sistemlərini birləşdirir.

Yolun strateji əhəmiyyəti ondan ibarətdir ki, tranzit yüklər də bu yolla daşınır. Yenidənqurmadan sonra isə tranzit yüklərin həcmi daha da artacaq. İranın Ərdəbil-Astara(İran) yolunun yenidən qurulmağa başlaması da təsadüfi xarakter daşımır.

Ötən ilin dekabr ayında İrana səfər edən Azərbaycanın Baş Nazirinin müavini, İran-Azərbaycan müştərək iqtisadi komissiyasının həmsədri Şahin Mustafayev bu ölkənin Sənaye, Mədən və Ticarət naziri Rza Rəhmani ilə görüşüb. Görüşdə Ərdəbil vilayətində birgə sənaye şəhərciyinin salınması və bu şəhərcikdə birgə müəssisələr yaradıb ixracyönümlü məhsul istehsalına başlanılması haqqında razılıq əldə edilib.

Azərbaycanla İranın nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı hər iki dövlətin Asiya ilə Avropa arasındakı yükdaşımalarda tranzit rolunu oynamasından ibarətdir. İranın Azərbaycanla sərhədə istər dəmir yolu, istərsə də avtomobil yolu çəkməsinin əsas məqsədi məhz bundan ibarətdir. Bu məsələdə Azərbaycan hər zaman İranla əməkdaşlıq əlaqələrini davam etdirməkdə maraqlıdır.

Təsadüfi deyil ki, Azərbaycan tranzit yükdaşımaların öz ərazisindən həyata keçirilməsi üçün az iş görməyib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulduqdan sonra Ələt-Astara avtomobil yolu, Bakı Beynəlxalq Ticarət Limanı müasir standartlara uyğun şəkildə yenidən inşa edilib və Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu tikilərək iki ölkənin dəmir yollarını birləşdirib. Bu əməkdaşlıq perspektivdə hər iki dövlətə valyuta axınını təmin edəcək ki, bu da iqtisadi inkişafa böyük təkan verəcək.