19 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni çağırışlara əsaslanan islahatlar bundan sonra da davamlı olacaq

"Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də keçirilmiş iqtisadi müşavirədəki çıxışında vurğuladığı bu fikirlər, xüsusilə də "İslahatlara alternativ yoxdur" fikri ölkə əhalisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Milli Məclisin deputatı Tahir Rzayev də Prezident İlham Əliyevin apardığı islahatları yüksək qiymətləndirir və bunu ölkə iqtisadiyyatının inkişafında yeni bir dövrün başlanğıcı kimi xarakterizə edir: "Ölkədə aparılan islahatların hər biri yeni mərhələnin, yeni bir dövrün başlanması deməkdir. Çünki islahatın özü bir yenilik, qabaqcıl təcrübənin öyrənilməsi, müəyyən dəyişikliklərdir. Əgər islahatlar varsa, deməli, dəyişikliklər də olmalıdır".

T.Rzayev ölkədə aparılan islahatlar içərisində sosial islahatların xüsusi yerə malik olduğunu vurğulayıb: "Elə islahatlar var ki, onlar inqilabi xarakterlidir. Məsələn, bizdə sosial paketə daxil olan layihə və sərəncamları çox haqlı olaraq inqilabi xarakterli sosial islahatlar adlandırırlar. Eləcə də iqtisadi sahədə həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının inkişafına yönəlmiş tədbirlərdir. Digər tərəfdən, əgər bu gün Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasındadırsa, bu, bir inqilab, böyük irəliləyişdir".

Millət vəkilinin sözlərinə görə, nəticələr göz qabağındadır. Bu gün qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında qeydə alınmış artım, inflyasiyanın aşağı düşməsi, yoxsulluq səviyyəsi və işsizliyin azalması iqtisadiyyata böyük təkandır: "Bu, birbaşa iqtisadiyyatın inkişafı ilə əlaqədardır. Çünki iqtisadi inkişaf, iqtisadi tərəqqi olmasa, bu nailiyyətləri əldə etmək mümkün deyil".

Millət vəkili əminliklə bildirir ki, ölkənin müdafiəsi və milli təhlükəsizliyi onun iqtisadiyyatı ilə birbaşa bağlıdır: "İqtisadiyyatı möhkəm olmayan ölkə müstəqilliyini təmin edə bilməz. Cənab Prezident ötən müşavirədə çox düzgün vurğuladı ki, bizim milli təhlükəsizliyimiz iqtisadi təhlükəsizlikdən asılıdır. Bizim güclü iqtisadiyyatımız olmasa, ölkənin müdafiəsini təşkil edə, insanların maddi rifah halını yüksəldə, ölkədə sabitlik yarada, xarici investorları Azərbaycana dəvət edə bilmərik. Onlar bura sərmayə qoymazlar. Dünya ölkələri Azərbaycandakı iqtisadi yüksəlişi gördükdə, əlbəttə ki, ölkəmizə maraq göstərəcək. İnvestorların təkcə neft-qaz sektoruna deyil, digər sahələrə, turizmə də maraqları olacaq. Ona görə də ölkənin inkişafı üçün iqtisadi islahatların həyata keçirilməsi çox vacibdir. Cənab Prezident də son müşavirədə dedi ki, islahatlara alternativ yoxdur".

T.Rzayev onu da vurğulayıb ki, bu gün ölkədə aparılan islahatlar qətiyyən kampaniya xarakteri daşımır: "Yeni çağırışlara əsaslanan islahatlar bundan sonra da davamlı olacaq".

Araz AĞAYEV

Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?