Bakıda Krasnoyarsk diyarının biznes missiyası keçirilib
Bakıda Rusiyanın Krasnoyarsk diyarının işgüzar dairələrinin biznes missiyası keçirilib. Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin məlumatına görə, missiya çərçivəsində region şirkətlərinin nümayəndələri Azərbaycana ictimai məkanların, uşaq və idman meydançalarının abadlaşdırılması üçün avadanlıqların, tezquraşdırılan modul evlərin komplektlərinin, nadir ağac növlərindən hazırlanan bağ parketinin və ağac materiallarının tədarükü üzrə danışıqlar aparıblar. Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Xakimovla görüş zamanı Rusiya ixracatçı şirkətlərinin rəhbərlərinə ölkəmizdə biznesin aparılmasının xüsusiyyətləri, ödənişlərin həyata keçirilməsi qaydası, aidiyyəti sifarişçilər və distribyutorlarla əməkdaşlıq, idxal olunan məhsulların ayrı-ayrı kateqoriyalarının sertifikatlaşdırılmasının spesifikası və yerli bazarda tələbat barədə ətraflı məlumat verilib. “Rusiya İxrac Mərkəzi” SC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev Rusiyanın qeyri-resurs, qeyri-enerji ixracına dəstək mexanizmlərini təqdim edib.
Danışıqların yekununda Rusiya ixracatçılarına daimi informasiya-məsləhət dəstəyinin göstərilməsi barədə razılıq əldə olunub.
