4SİM tələbə və yeni məzunlar üçün təcrübə proqramı elan edir
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tələbə və yeni məzunlar üçün 3 aylıq təcrübə proqramı elan edib.
Mərkəzin məlumatına görə, rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən layihələrdə iştirak etmək istəyən gənclər altı müxtəlif istiqamət üzrə müraciət edə bilərlər. Belə ki, proqram çərçivəsində data analitikası (Power BI, Python, Web Scraping, ETL), layihə hesabatlılığı (layihələrin icrasının izlənilməsi, hesabatların hazırlanması və nəticələrin təhlili), eləcə də kontent yaradıcılığı və rəqəmsal marketinq (sosial media üçün kontentin hazırlanması, rəqəmsal kommunikasiya və marketinq fəaliyyətləri) sahələri üzrə təcrübəçi qəbulu aparılır.
Bundan əlavə, müraciətlər tədqiqat metodologiyası, analitik təhlil və sənədlərin hazırlanmasını əhatə edən tədqiqat və analitika istiqaməti (minimum B2 səviyyə ingilis dili biliyi tələb olunur), həmçinin güclü ünsiyyət, operativlik və komandada işləmək bacarığı tələb edən CRM və müştəri münasibətlərinin idarə edilməsi üzrə də qəbul olunur.
Digər istiqamət isə şəxsi işlərin və HR sənədlərinin hazırlanması, eləcə də müvafiq proqramlarla işləmək bacarığı tələb edən insan resursları sahəsidir (ingilis dili biliyi arzuolunandır).
Hibrid formada təşkil ediləcək proqramı uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq, seçilmiş namizədlərə isə 4SİM tərəfindən müvafiq bildiriş göndəriləcək. Proqrama qoşulmaq istəyən namizədlər noyabrın 27-dək https://forms.gle/csewcmCEo7xzyzxZ7 elektron keçidi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
