Öhdəlik daşıyan şəxslər üçün təlim keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən “Öhdəlik daşıyan şəxslər tərəfindən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində öhdəlik daşıyan şəxslər üçün mövcud qanunvericilik tələblərinin tətbiqinə dair onlayn təlim keçirilib.
Təlim zamanı daxili nəzarət proqramının təşkili və tətbiqi, komplayens sisteminin yaradılması, məsul şəxslərin təyin edilməsi, müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsi, benefisiar mülkiyyətçilərin müəyyən edilməsi, müştəri profili üzrə risklərin qiymətləndirilməsi və siyasi nüfuzlu şəxslərlə bağlı tələblər ətraflı izah edilib. Həmçinin məlumat və sənədlərin saxlanılması, şübhəli əməliyyatların müəyyən edilməsi, Maliyyə Monitorinqi Xidmətinə məlumatların təqdim edilməsi, eləcə də ƏL/TMM qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyət tədbirləri barədə iştirakçılara məlumat verilib. Təlim çərçivəsində qanunvericilik tələblərinin formal deyil, riskə əsaslanan yanaşma tətbiq edilməklə effektiv şəkildə yerinə yetirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
