İşəgötürənin işçilərə görə ödədiyi nümayəndəlik, mənzil və yemək xərclərinin gəlirdən çıxılması qaydası MƏQALƏ
Mövzunu “vergiler.az”a iqtisad elmləri üzrə fəlsəfə doktoru, vergi eksperti İsmayıl Bağırov şərh edir.
Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, işəgötürənin işçilərə və onların ailə üzvlərinə çəkdiyi sosial xarakterli xərclərin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Lakin Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş yemək, mənzil, müalicə-profilaktik yeməklər üçün çəkilən xərclər Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş norma daxilində gəlirdən çıxıla bilər.
Misal 1: Şirkət işçiləri üçün korporativ bayram keçirir və həmin tədbirin təşkilinə 1.200 manat xərc çəkir, həmçinin işçilərin tədbirdə iştirak edən uşaqlarına 600 manat dəyərində hədiyyə alır. Müəssisənin gəlirdən çıxılan xərcini müəyyən edək.
Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, şirkətin işçiləri üçün çəkdiyi bu xərclər sosial xarakterli və əyləncə xərcləri hesab edildiyindən gəlirdən çıxılmır.
Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, çəkilən xərclərin gəlirdən çıxılması forması və normaları aşağıdakı kimi olacaq:
- Vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla nağdsız qaydada ödənildiyi, Vergi Məcəlləsinə uyğun qaydada sənədləşdirildiyi və əsaslandırıldığı halda vergitutma məqsədləri üçün gəlirdən çıxılır.
Yəni vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilən nümayəndəlik xərclərinin gəlirdən çıxılan xərclərə aid edilməsi üçün həmin xərclər nağdsız qaydada ödənilməli, əsaslandırılmalı və Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada sənədləşdirilməli və vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizindən, lakin illik gəlirin 1 faizindən çox olmamalıdır. Nümayəndəlik xərcləri nağd şəkildə ödənildiyi halda, gəlirdən çıxılmır. Qeyd edək ki, xərclərin əsaslandırılması dedikdə, həmin xərclərin nümayəndəlik məqsədilə çəkildiyini sübut edən sənədlərin, yəni dəvət məktubu, proqram, iştirakçı siyahısı və s. sənədlər olması nəzərdə tutulur.
Misal 2: 2026-cı il üzrə illik gəliri 2.000.000 manat olan müəssisə xarici tərəfdaşlarla keçirilən işgüzar görüşləri ilə əlaqədar il ərzində nağdsız şəkildə 60.000 manat nümayəndəlik xərci çəkib. Müəssisənin gəlirdən çıxılan xərcini müəyyən edək.
Vergi Məcəlləsinin 109.3-cü maddəsinə və Nazirlər Kabinetinin nümayəndəlik xərclərinin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydalarına əsasən, nümayəndəlik xərclərinin 50 faizi, lakin illik gəlirin 1 faizindən çox olmamaqla gəlirdən çıxılır. Bunun üçün də müəssisənin illik gəlirinin 1 faizinin – 20.000 manat (2.000.000 x 1% = 20.000), çəkilmiş nümayəndəlik xərcinin 50 faizi isə – 30.000 manat (60.000 x 50% = 30.000) olsa da bu məbləğ illik gəlirin 1 faizi olan 20.000 manatı aşdığı üçün vergitutma məqsədləri ilə yalnız 20.000 manat gəlirdən çıxılır. Qalan 10.000 manat isə gəlirdən çıxılan xərc hesab edilmir.
- Nümayəndəlik xərclərinə qarşılıqlı əməkdaşlığın qurulması və (və ya) davam etdirilməsi məqsədilə keçirilən tədbirlərdə iştirakçıların rəsmi qəbulu və (və ya) onlara xidmət göstərilməsi ilə bağlı aşağıdakı xərclər aid edilir:
- konsulluq xidmətləri üçün çəkilən xərclər (vizanın rəsmiləşdirilməsi, viza müddətinin uzadılması);
- limanda və vağzalda qarşılanma və yola salınma xərcləri;
- tədbirin, iclasın keçirildiyi yerə və geriyə çatdırılma ilə bağlı nəqliyyat xidməti xərcləri;
- mehmanxana xidmətləri üçün xərclər (yerlərin bron edilməsi, yaşayış dəyəri);
- yemək xərcləri (səhər yeməyi, nahar, şam yeməyi, banket, şirələr, mineral sular, sərinləşdirici içkilər, çay, qəhvə);
- nümayəndəlik tədbirləri ilə bağlı tərcümə xərcləri;
- suvenirlərin alınmasına çəkilən xərclər.
Misal 3: İllik gəliri 190.000 manat olan firma əcnəbi tərəfdaşlarını qəbul edir. İşgüzar qəbulla bağlı xərclər: viza - 200 manat, hava limanı qarşılanması - 90 manat, nəqliyyat - 140 manat, hotel (2 gecə) - 500 manat, nahar - 250 manat, tərcüməçi - 210 manat, suvenir — 100 manat olmaqla cəmi nümayəndəlik xərci 1.490 manat (200 + 90 + 140+ 500 +250 +210 +100 = 1490 ) olub. Firmanın gəlirdən çıxılan xərcini müəyyən edək.
Bu halda firmanın illik gəlirinin 1% limiti olan 1.900 manatın (190000 x 1% = 1900) aşılmadığını nəzərə alaraq gəlirdən çıxılan nümayəndəlik xərclərinin məbləği 745 manat ( 1.490 x 50% = 745 ) olacaqdır.
- Nümayəndəlik xərclərinin tərkibinə daxil olmayan xərclərə aşağıdakılar aid edilir və həmin xərclər gəlirdən çıxılmır:
- Əyləncənin təşkili - qonaqlara əyləncə proqramlarının (konsert, gecə klubu, oyun mərkəzi və s.) təşkili xərcləri.
- İstirahətin təşkili - qonaqlara istirahət proqramlarının (kurort, spa, ekskursiya və s.) təşkili xərcləri.
- Xəstəliklərin profilaktikası və müalicəsi - qonaqların tibbi (həkim, dərman, müalicə) xərcləri.
Misal 4: Firma xarici tərəfdaşları üçün Qəbələ turuna 700 manat və SPA üçün 400 manat xərc çəkib. Firmanın gəlirdən çıxılan xərcini müəyyən edək.
Belə ki, qeyd olunan xərclər nümayəndəlik xərci sayılmadığından firmanın xarici tərəfdaşları üçün tura və SPA-ya çəkdiyi xərclər gəlirindən çıxılmır.
- İşçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Amma aşağıdakı 2 şərt olmalıdır ki, gəlirdən çıxılan xərclərə aid edilsin:
1. Kirayə haqqı kirayəverən və kirayəçi (işçi və ya işəgötürən) arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında ödənildikdə gəlirdən çıxılır. Amma kirayə müqaviləsi notarial təsdiq edilmədiyi halda, kirayə xərcləri gəlirdən çıxılmır.
2. Kirayə haqqı işəgötürən tərəfindən işçiyə və ya kirayəverənə nağdsız qaydada ödənildikdə gəlirdən çıxılır. Nağd ödənilən kirayə xərcləri gəlirdən çıxılmır.
Qeyd edək ki, mənzil xərcləri dedikdə, yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi xərcləri nəzərdə tutulur. Hotel, hostel və digər müvəqqəti yaşayış yerləri bu normanın tətbiq sahəsinə daxil deyildir.
Misal 5: "AA" MMC-nin illik gəliri 400.000 manatdır. MMC işçiləri üçün il ərzində cəmi 6.000 manat mənzil kirayəsi ödəyib. Müəssisənin gəlirdən çıxılan xərcini müəyyən edək.
Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarına əsasən, norma 3.000 manat ( 6000 x 50% = 3000), limit isə 4.000 manat (400000 x 1% = 4.000) olacaq. Bu halda 3.000 manat < 4.000 manat olduğundan, MMC-nin mənzil kirayəsi üçün çəkdiyi xərcin 3.000 manatı tam şəkildə gəlirdən çıxıla bilər. Əgər mənzil xərcləri 10.000 manat olsaydı: 10.000 x 50% = 5.000 manat, lakin limit 4.000 manat olduğundan yalnız 4.000 manat gəlirdən çıxıla bilərdi.
- İşçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə - 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində müəyyən olunub.
Vergi ödəyicisinin işçilərlə bağlı normalar daxilində çəkdiyi yemək xərcləri aşağıdakı şərtlər daxilində gəlirdən çıxılır:
1. Yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə;
2. Yeməyin hazırlanması işəgötürənin özü tərəfindən təmin edildikdə və yeməyin hazırlanmasına sərf olunan məhsulların alışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirildikdə;
3. İaşə xidməti ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən elektron qaimə-faktura əsasında alındıqda.
Qeyd edək ki, işçilərin işdə olmadığı (məzuniyyət, xəstəlik və s. ilə əlaqədar) və ya ezamiyyətdə olduğu günlər üçün ödənilən yemək xərcləri gəlirdən çıxılmır. Ezamiyyət xərclərinin özü ayrıca qaydalarla tənzimlənir.
Misal 6: Yemək xərclərinin əvəzi birbaşa işçiyə nağdsız şəkildə ödəyən firmanın işçisi avqust ayında 7 gün məzuniyyətdə, 4 gün xəstəlikdə, 2 gün ezamiyyətdə olub. Qalan 8 iş günü işdə olub. Firmanın gəlirdən çıxılan xərcini müəyyən edək.
Nazirlər Kabinetinin Qərarına əsasən, işçiyə birbaşa ödənilən yemək xərclərinin gündəlik norması 5 manat müəyyən edilib və işçilərin işdə olduğu günlər üçün ödənilir. Bu halda firma yalnız 8 iş günü üçün yemək xərclərini gəlirdən çıxa bilər:
8 x 5 manat = 40 manat.
Məzuniyyət, xəstəlik və ezamiyyət günlərinin isə (13 gün x 5 manat = 65 manat) gəlirdən çıxılmasına icazə verilmir. Onu da deyək ki, firma işçilərinə yemək pulunu nağd şəkildə versə idi firmanın işçilərə ödədiyi yemək pulu gəlirdən çıxılmayacaqdı.
- Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsulların və vasitələrin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik xərc norması - 5 (beş) manat məbləğində müəyyən edilib.
Misal 7: Müəssisə öz vəsaiti hesabına yeraltı işlərdə çalışan 4 nəfər işçisinə 5 gün ərzində 150 manatlıq müalicə-profilaktik yeməklər verib. Müəssisənin gəlirdən çıxılan xərcini müəyyən edək. Nazirlət Kabinetinin adışəkilən Qərarına əsasən, müəssisə müalicə-profilaktik yeməklər üçün çəkdiyi 150 manat xərcin norma daxilində olan 100 manatını (5 gün x 5 manat x 4 işçi = 100 manat) gəlirdən çıxa bilər.
Qeyd edək ki, zərərli işdə çalışan işçi həm müalicə profilaktik yemək normasından, həm də adi yemək normasından eyni vaxtda istifadə edə bilər.
Misal 8: Müəssisə mədən bölməsində çalışan işçisinə gündə həm 5 manat müalicə-profilaktik yemək normasına uyğun məbləği, həm də 5 manat adi yemək normasına uyğun məbləği ödəyir. Müəssisənin gəlirdən çıxılan xərcini müəyyən edək.
Bu halda işçiyə müalicə-profilaktik yemək üçün ödənilən günlük 5 manat və adi yemək üçün ödənilən 5 manat, hər biri Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş norma və şərtlərə uyğun olduğu üçün cəmi 10 manat məbləğində yemək xərci müəssisənin gəlirindən çıxılır.
- Dəniz nəqliyyatında üzən heyətə verilən yemək xərclərinin gəlirdən çıxılan gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün hər bir işçi üzrə - 25 manat, Xəzər dənizindən kənarda üzən gəmilərin heyəti üçün hər bir işçi üzrə - 25 ABŞ dolları məbləğində müyyən edilib.
Misal 9: Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən müəssisə Xəzər dənizində üzən gəmisinin heyətinə daxil olan 10 işçisinin yeməklə təmin edilməsinə ay ərzində 6.000 manat xərc çəkib. İşçilərin hər birinin ay ərzində dənizdə olduğu günlərin sayının 20 gün olduğunu və xərclərin müvafiq qaydada sənədləşdirildiyini nəzərə alaraq, müəssisənin çəkdiyi yemək xərclərinin gəlirdən çıxılması qaydasına baxaq.
Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarına əsasən, Xəzər dənizində üzən gəmilərin heyəti üçün yemək xərclərinin gəlirdən çıxılan gündəlik norması hər bir işçi üzrə 25 manat müəyyən edilib. Buna görə də müəssisənin 10 işçisi üzrə aylıq yemək xərclərinin gəlirdən çıxılan həddi 5.000 manat (10 x 20 x 25 = 5.000) təşkil edir. Bunun üçün də müəssisənin faktiki çəkdiyi 6.000 manat yemək xərcindən müəyyən edilmiş norma daxilində olan 5.000 manat olan hissəsi mənfəət vergisinin hesablanması zamanı müəssisənin gəlirindən çıxılır.
