İşğaldan azad edilmiş ərazilərdə investisiya müsabiqəsi elan edilib
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqəsi üzrə müraciətlərin qəbuluna başlanılır.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, investisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri Xocavənd (4368 ha), Xocalı (1500 ha) və Laçın (1008 ha) rayonlarında yerləşir. İnvestisiya layihəsinin istiqaməti bağçılıq və heyvandarlıq sahələrini əhatə edir.
İcarə müqaviləsi ilkin olaraq 5 il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 ilədək uzadılır.
Müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (eagro.az) üzərindən 1 sentyabrdan 15 oktyabr tarixinədək qəbul ediləcək. Müsabiqə ilə bağlı ətraflı məlumatla https://shorturl.at/E4IvW səhifəsindən tanış olmaq olar.
