Bakıda 22-ci “TransLogistica Caspian” sərgisi keçiriləcək
2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində region üçün mühüm əhəmiyyəti olan 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” sərgisi təşkil ediləcək.
“Caspian Event Organisers”dən verilən məlumata görə, “TransLogistica Caspian” sərgisi nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və təqdimatı üçün önəmli bir platforma təqdim edir. Bu tədbir logistika və nəqliyyat sahəsinin ən mühüm sərgilərindən biri kimi tanınır və Avrasiya məkanının bu sənaye sahəsi üzrə peşəkarlarını bir araya gətirir.
Üç günlük sərgidə Azərbaycanla yanaşı Belarus, Çin, Gürcüstan, Hindistan, İsveçrə, Rusiya Federasiyası və Türkiyədən olan şirkətlər iştirak edəcəklər.
Ənənəvi olaraq builki tədbirdə də dəmiryol infrastukturu, dənizçilik sənayesi, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarının əsas istiqamətləri müzakirə olunacaq.
Sərgi çərçivəsində faydalı işgüzar proqram təşkil ediləcək, yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr baş tutacaq. Tədbir zamanı "Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı", "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması", "Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikası təmin edilməsində perspektivlər və çağırışlar" və s. mövzularda panel diskussiyaları keçiriləcək.
