1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Risklərin idarəedilməsi qaydaları dəyişdi – kreditlərə sığorta tələbi

Risklərin idarəedilməsi qaydaları dəyişdi – kreditlərə sığorta tələbi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib.

Yeni qaydalara əsasən, sığorta müqavilələri üzrə sığorta təminatının müddəti kreditin qalan müddətinə bərabər olmalıdır. Sığorta məbləği isə sabit və ya azalan olmasından asılı olmayaraq, minimum borcalanın kredit təşkilatı qarşısında olan faktiki borc məbləği həddində, maksimum isə tərəflərin qarşılıqlı razılığı ilə həmin borc məbləğinin 110%-i həcmində müəyyənləşdirilməlidir. Bu, borcalanın kredit təşkilatı qarşısında olan kreditin ödəniş qrafikinə uyğun faktiki borc, sığorta hadisəsindən sonra yarana biləcək əlavə faiz və ya dəbbə pulu kimi öhdəliklərinin bağlanmasını təmin edəcək.

Yeni qaydanın tətbiqi ilə istehlak krediti götürən şəxslər üçün də bir sıra tənzimləyici yumşalmalar müəyyən edilib. Yumşalmalar istehlak kreditinin həcmindən asılı olaraq sığortalanmanın operativliyini təmin etmək, o cümlədən bankdaxili kredit verilməsi üzrə prosedurların əlavə vaxt itkisinə səbəb olmasının qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, borcalan tərəfindən sığortalanma haqqında ərizə olmadan sığorta müqaviləsinin bağlanması imkanı da yaradılıb.

Qaydalarda əksini tapan digər mühüm dəyişikliklər əlilliyi olan şəxslərin sığorta müqaviləsi bağlamaları ilə bağlı meydana çıxan maneələrin aradan qaldırılması və onların kredit müqavilələrinə əlçatanlığının təmin edilməsi olub. Əlilliyə və ya mövcud əlillik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub.

Qaydalara gətirilmiş yeni tələblərdən biri də sığorta şirkətlərinə qarşı borcalanla bağlanmış sığorta müqaviləsinin mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan verən elektron sistemin qurulması tələbidir. Bu tələb sığortalanmanın mövcudluğunun asanlıqla müəyyən olunmasına və daha operativ qaydada sığorta hadisəsinin tənzimlənməsinə xidmət edir.

Banklarda kredit risklərinin idarə edilməsinə dair yeni tələblərdən biri də bankın müştərilərinə istehlak kreditlərini təqdim etdiyi zaman ona paralel olaraq borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Yeni tələbə əsasən, banklar tərəfindən müştərilərə müvafiq sığorta təminatını könüllü qaydada alması ilə bağlı ərizə forması təqdim ediləcək. Müvafiq ərizə formasına uyğun olaraq, müştəri həyat sığortası üzrə lisenziyası olan sığortaçılardan birinin xidmətini sərbəst qaydada seçə biləcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?