Bakıda qida emalı və qablaşdırma sahəsində Almaniya-Azərbaycan Biznes Konfransı keçirilib
Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən qida emalı və qablaşdırma avadanlıqları üzrə Almaniya-Azərbaycan Biznes Konfransı keçirilib.
“AHK Azərbaycan”ın məlumatına görə, tədbir yerli istehsalın modernləşdirilməsi və biznes əməkdaşlığının genişləndirilməsi məqsədilə Azərbaycan istehsalçılarını Almaniyanın 8 texnologiya təchizatçısı ilə bir araya gətirib.
Konfransda Almaniya texnologiyalarının istehsal səmərəliliyinə, məhsul keyfiyyətinə və uzunmüddətli istismar üstünlüklərinə töhfəsi vurğulanıb. Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) nümayəndəsi Almaniya avadanlıqlarından istifadə olunan layihələrə göstərilən maliyyə dəstəyi barədə məlumat verib. Keçirilən B2B görüşlərdə yerli şirkətlər alman tərəfdaşları ilə avtomatlaşdırılmış qablaşdırma, emal və saxlama həlləri üzrə yeni tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Tədbir Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin (BMWE) Bazara Giriş Proqramı çərçivəsində reallaşan işgüzar səfər daxilində baş tutub.
