Yevlax Pilot Aqroparkda məhsul yığımına başlanılıb
Ötən il ərzində Yevlax Pilot Aqroparkın ərazisində salınan meyvə bağlarından bu il ilk dəfə olaraq məhsul yığımına başlanılıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Aqroparkın rezidenti “Agrotop” MMC tərəfindən 40 hektarlıq ərazidə meyvə bağları salınıb. Meyvə bağlarının 11 hektarında ərik, 15,5 hektarında nektarin, 13,5 hektarında şaftalı ağacları əkilib. Bu il ilk dəfə olaraq, meyvə bağlarının bir illik olmasına baxmayaraq, şaftalı və ərik kimi meyvələrin yığımı həyata keçirilib. Hazırda “Agrotop”un Yevlax təsərrüfatında 11 nəfər daimi, 300 nəfər mövsümi işlə təmin edilib. Şirkət tərəfindən indiyədək aqroparkda görülən işlərə 600 min manat investisiya yatırılıb.
Bundan başqa, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınan “İSFA” MMC-nin meyvə bağlarında da məhsul yığımına start verilib. Bu il artıq ikinci mövsümdür ki, şirkətin Yevlax təsərrüfatında ərik, nektarin, şaftalı, alça, gilas yığımı həyata keçirilir. “İSFA” MMC-nin təsərrüfatı aqroparkın ərazisində ümumilikdə 60 hektar ərazini əhatə edir. 60 hektarın 50 hektarında meyvə bağları, 10 hektarında isə tingçilik təsərrüfatı salınıb. Meyvə bağlarında şaftalı, nektarin, ərik, gilas, alça, gavalı kimi meyvələrin erkən yetişən çeşidləri becərilir. Tingçilik təsərrüfatında isə 15 növdə meyvənin 150 çeşidi yetişdirilir. Təsərrüfatda müasir suvarma üsulundan (damlama) istifadə edilir. “İSFA” MMC-nin aqroparkda yerləşən təsərrüfatında 14 nəfər daimi, 45 nəfər isə mövsümi işlə təmin olunub. Şirkət tərəfindən indiyədək aqroparkda görülən işlərə 1,5 milyon manat investisiya yatırılıb.
Qeyd edək ki, ümumilikdə Yevlax Pilot Aqroparka 100 milyon manatdan çox özəl sərmayə qoyulması, 500 daimi və 1000-dən artıq işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur. Aqroparkda indiyədək ümumi ərazisi 1900 ha təşkil edən 33 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən aqroparka ümumilikdə 51 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Aqropark tam gücü ilə fəaliyyətə başladıqdan sonra istehsal olunacaq meyvəçilik məhsullarının böyük hissəsinin ixrac edilməsi nəzərdə tutulur.