Məmməd Abbasbəyli: “Metroloji xidmətlərin əldə edilməsi biznes mühiti üçün çox vacibdir”
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Milli Metrologiya Forumu”nda çıxış edərkən deyib. Onun sözlərinə görə, bazarda məhsul və xidmətlərin qiymətlə keyfiyyətinin mütənasibliyi istehlakçıları daha keyfiyyətli, müxtəlif çeşidlərdə və innovativ məhsullarla təmin etmə imkanı yaradır, iqtisadi səmərəliliyin artırılmasına müsbət təsir göstərir: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Bu prosesdə keyfiyyət sahəsinin tənzimlənməsi və inkişafı da mühüm rol oynayır. Hazırda keyfiyyət infrastrukturu istehsalçıların, sahibkarların, ümumiyyətlə, əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilib. Bu sahəyə aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən istifadənin sürətlə genişləndiyini qeyd edə bilərik”.
M.Abbasbəyli bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsas məqsədi güclü və dayanıqlı rəqabət mühiti formalaşdıraraq sahibkar-istehlakçı münasibətlərini tənzimləmək, əhaliyə keyfiyyətli məhsul və xidmətlərin təqdim olunmasını təmin etmək, inhisarçılığın qarşısını almaq və fəaliyyət istiqamətləri üzrə şəffaflığı və operativliyi təmin etməklə ölkə iqtisadiyyatının gücləndirilməsidir: “Xidmətin fəaliyyət istiqamətlərinə metroloji nəzarət də daxildir. Dövlət metroloji nəzarətin əsas məqsədi iqtisadiyyatın müxtəlif sektorlarında aparılan ölçmələrin qeyri-dəqiq nəticələrinin insanların həyatı və sağlamlığına, dövlətin iqtisadi maraqlarına təhlükə ehtimallarının minimuma endirilməsindən ibarətdir”.
M.Abbasbəyli əlavə edib ki, keyfiyyət infrastrukturunun formalaşdırılması istiqamətində Dövlət Xidmətinin tabeliyində AZMİ, AZSTAND, AZAK və İMEM fəaliyyət göstərir: “Dövlət Xidmətinin tabeliyində olan qurumlar vasitəsilə ölçmələrin vəhdətinin təmin edilməsi, yüksək dəqiqlik sinfinə malik olan kəmiyyət vahidi etalonlarının və ölçmə vasitələrinin kalibrlənməsi, həmçinin ölkədə istehsal olunan və ya idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarının, tikinti materiallarının və s. sınaqlarının aparılması, akkreditasiya və standartlaşdırma işləri həyata keçirilir. Ölkəmizdə keyfiyyət infrastrukturunun vacib ünsürü kimi metroloji xidmətlərin əldə edilməsi biznes mühiti üçün çox vacibdir. Beynəlxalq təcrübənin öyrənilməsi və yeniliklərin tətbiq olunması istiqamətində Azərbaycan Metrologiya İnstitutu ilə Türkiyə, Almaniya, Çexiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və bir sıra digər ölkələrin metrologiya sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlıq əlaqələri formalaşdırılıb”.
O əlavə edib ki, Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində TÜBİTAK UME ilə aparılan danışıqların nəticəsi olaraq ölkəmizdə birinci mərhələdə inşaat, nəqliyyat, hərbi sənaye, səhiyyə və istehsal sahələrinə xidmət edəcək 12 milli etalon laboratoriyaların yaradılması məqsədəmüvafiq hesab edilib. “2022-2026-cı illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyası”nın Tədbirlər Planında AzMİ-də dövrün sonuna yeni yaradılan laboratoriyaların sayının 20-yə çatdırılması nəzərdə tutulub.