40-dan çox sənəd DİM-in hədəf və göstəricilərinə uyğunlaşdırılıb
“2016-cı ilin oktyabr ayından 2024-cü ilədək ölkədə həyata keçirilən 40-dan çox müxtəlif dövlət proqramı və strateji sənədlər Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM – müəl.) hədəf və göstəricilərinə uyğunlaşdırılıb”.
Bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda konfransda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.
Onun sözlərinə görə, Yüksək Səviyyəli Siyasi Forumun mövzusu müəyyənləşib və bu mövzuya uyğun ölkələr tərəfindən hazırlanan hesabatlar təqdim olunur: “2024-cü ilin Yüksək Səviyyəli Siyasi Forumu ”2030 gündəliyi”nin gücləndirilməsi və çoxsaylı böhranlar zamanı yoxsulluğun aradan qaldırılması, dayanıqlı, davamlı və innovativ həllərin effektiv həyata keçirilməsi mövzularına həsr olunub. Bu il nəzərdən keçirilən və hesabat verilən DİM-lər 5 məqsəd üzrə müəyyənləşdirilib”.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri əlavə edib ki, bu gün DİM-lərin maliyyələşdirilməsi üzrə maliyyə boşluğu, beynəlxalq maliyyə təşkilatlarının hesablamalarına əsasən, illik əsasda 7 trilyon dollarlıq bir vəsait tələb edir: “Bunun təqribən 2,4 trilyonu iqlim maliyyələşməsinə aiddir, qalan hissəsi isə ümumi inkişafın maliyyələşdirilməsi blokunun payına düşür. Təbii ki, maliyyələşdirmə olmadan layihələrin icra prosesində ləngimələr olur və bu, tətbiq olunan siyasətlərin effektivliyinə ciddi surətdə təsir edir. Məhz bunu nəzərə alaraq, bizim builki hesabatda Azərbaycanda DİM-in maliyyələşdirilməsi istiqamətində tətbiq olunacaq siyasətlə bağlı məlumatlar öz əksini tapıb. Misal olaraq COP29-la bağlı hesabatlar, 2015-ci ildən bu günədək iqtisadi, siyasi və ekoloji meyarların qiymətləndirilməsi ilə bağlı məsələlər və əlbəttə ki, məhz DİM-in icrası ilə bağlı tərəfdaşlığın gücləndirilməsini göstərmək olar”.
H.Hüseynov onu da qeyd edib ki, bu il 43 ölkənin Könüllü Milli Hesabatının təqdim olunacağı gözlənilir ki, bu ölkələr sırasında ilk dəfə hesabat təqdim edənlər Cənubi Sudan və Yəməndir.
"20 ölkə ikinci dəfə, 15 ölkə üçüncü dəfə Könüllü Milli Hesabatını təqdim etməyə hazırlaşır. Dünyada cəmi 5 ölkə mövcuddur ki, artıq 4-cü dəfə bu könüllü öhdəliyi yerinə yetirməyi prioritet hesab edərək özünün Könüllü Milli Hesabatını Yüksək Səviyyəli Siyasi Foruma təqdim edəcək. Bu ölkələr sırasına Argentina, Azərbaycan, Misir, Kolumbiya və Syerra-Leone daxildir",- deyə H.Hüseynov qeyd edib.