25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vüqar Əlimirzəyev: “Pomidor ixracı üçün yeni bazarlar axtarılır”

Vüqar Əlimirzəyev: “Pomidor ixracı üçün yeni bazarlar axtarılır”

Azərbaycan pomidor ixracı üzrə ənənəvi bazarla yanaşı, yeni bazarlar da axtarır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Vüqar Əlimirzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın pomidor ixracı üçün ənənəvi bazarı Rusiyadır. Yerli pomidorlar Rusiyadan başqa, müəyyən miqdarda Belarus və Polşaya ixrac edilir. Azərbaycan istehsalçıları və ixracatçıları bu məhsulun Körfəz ölkələrinin, xüsusilə Qətərin bazarına çıxarılması üçün səylər göstərsə də, yolun uzaqlığı problem yaradır: "Pomidorun İrandan keçməklə quru yolla həmin ölkələrə daşınması üçün təxminən 20 gün lazımdır. Ancaq pomidor tez xarab ola bilən yaş məhsul olduğundan onun uzaq məsafələrə daşınması çətinliklər yaradır, məhsulun keyfiyyəti və dəyərinin itməsinə gətirib çıxarır. Bundan başqa, Körfəz ölkələri isti bölgələrdir, orada pomidorun saxlanılması üçün münasib şərait yoxdur. Hava nəqliyyatı ilə daşınma isə maya dəyərinin yüksəlməsinə və nəticədə rəqabət qabiliyyətinə təsir göstərir. Belə olan halda, məhsulumuz qarşı tərəf üçün maraq kəsb etmir".

Assosiasiya rəsmisi bildirib ki, əsas məqsədlərdən biri "Made in Azerbaijan" brendi altında təqdim olunan yerli pomidorların Rusiya bazarında mövqeyini qoruyub saxlamaqdır: “Bu ölkəyə istixanalarda yetişdirilən məhsullar ixrac edilir. Açıq sahədə yetişdirilən pomidorlar isə ixracyönümlü olmadığından daxili bazarlarda satılır”.

Qeyd edək ki, Azərbaycandakı açıq və qapalı sahələrdə ümumilikdə 18 min hektara yaxın ərazidə pomidor becərilir. Bu sahələrdən ildə 800 min tondan artıq məhsul götürülür. Bu ilin yanvar-mart ayları ərzində 45 milyon ABŞ dolları dəyərində 32,1 min tondan çox pomidor ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 44,5 faiz və ya 13,8 milyon dollar, həcmi isə 31,2 faiz və ya 7,6 min ton artıb.

İlhamə İSABALAYEVA

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?