Şirvan suvarma kanalı rayonlara su bölgüsünü asanlaşdıracaq
Hacıqabulda yeni təməli qoyulmuş Şirvan suvarma kanalı istifadəyə verildikdən sonra rayonlara su bölgüsü asanlaşacaq.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su ehtiyatlarının idarəolunması və su anbarları, magistral kanallarının istismarı sektorunun baş məsləhətçisi Sarvan Ağayev deyib.
Onun sözlərinə görə, bu kanalla ümumilikdə 228 min hektar əkin sahəsi suvarılacaq ki, onun da 116 min hektarı dövriyyəyə yeni cəlb edilən torpaqlar olacaq. Mənbəyi Mingəçevir su anbarı olan, 1958-ci ildə istifadəyə verilmiş hazırkı Şirvan su kanalı ilə 8 rayonda 130-150 min hektar əkin sahəsi suvarılır. Kanalın suburaxma qabiliyyəti saniyədə 78 kubmetrdir. Yeni kanalın suburaxma qabiliyyəti isə daha çox - saniyədə 180 kubmetr olacağından bu rayonlarda daha çox əkin sahəsi suvarmaya cəlb ediləcək: “Yeni Şirvan kanalı istifadə verildikdən sonra köhnə kanalın saxlanılması mümkün ola bilər. Bu kanal həmin məcrada yox, tam başqa məcrada salınacaq. Torpaq üzlüklü kanalllarda su itkisi daha çoxdur, beton üzlüklü yeni kanalda isə su itkisi azalacaq. Torpaq kanallarda sızmalar olduğundan suyun baş hissədən sona çatdırılması, bölüşdürülməsi bir qədər çətindir. Kanalın xidmət etdiyi hər rayona su bölgüsü zamanı müəyyən itkilər olur. Yeni kanalın üzərində müasir hidrotexniki qurğular quraşdırılacağından rayonlara su bölgüsü rahatlaşacaq”.
S.Ağayev bildirib ki, Azərbaycanda ən böyük suvarma kanalı olan Qarabağ kanalı hazırda 11 rayonun əkin sahələrini suvarma suyu ilə təmin edir. Qarabağ və Şirvan kanallarının suyundan məişətdə də istifadə edilir: “Qarabağ kanalının suyu sonda Araz çayına tökülür. Araz çayının üzərində Bəhramtəpə hidroqovşağı var ki, buradan da 5 rayona su paylaşdırılır. Araz çayında su az olanda Qarabağ kanalından ora əlavə su ötürülür ki, həmin 5 rayonun su təminatı yaxşılaşsın. Qarabağ kanalı da torpaq məcralı olduğuna və 1958-ci ildə istifadə verildiyinə görə köhnə kanaldır. Orada da kanalın son hissəsinə suyun aparılmasında müəyyən çətinliklər yaranır. Qarabağ kanalı yenidən qurulandan sonra həmin problemlər aradan qaldırılacaq”.
Xatırladaq ki, dünən Prezident İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaq. Prezident İlham Əliyev Qarabağ kanalının da yenidən qurulması ilə əlaqədar sərəncam imzalayıb. Burada işlərə gələn ildən başlanılacaq.
İlhamə İSABALAYEVA