13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Neyl Vatson: “Britaniya şirkətləri və sahibkarları üçün Azərbaycanda biznes açmaq asandır” MÜSAHİBƏ

Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. Siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi əlaqələrə də öz müsbət təsirini göstərir. Birləşmiş Krallıq Azərbaycana yatırılan investisiyanın həcminə görə liderliyi saxlamaqdadır. Neft-qaz sənayesi sahəsində BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Şirkət ölkəmizdə neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə, bu istiqamətdə əsas tərəfdaş qismində çıxış edir.

Mövzu ilə bağlı “vergilər.az”ın suallarını britaniyalı ekspert Neyl Vatson cavablandırır: 
 

- Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əlaqələrin son göstəriciləri barədə nə deyə bilərsiniz?

- Böyük Britaniya 2023-cü ildə dəyəri 1,5 milyard funt-sterlinq olan ümumi ticarətdə (Böyük Britaniya tərəfinin rəsmi statistikasına əsasən – müəl.) Azərbaycanın ən böyük birbaşa xarici investisiya mənbəyi olaraq qalır. Ölkəniz müstəqilliyini bərpa etdikdən, xüsusilə 30 il əvvəl “Əsrin müqaviləsi” imzalanandan sonra iqtisadi əlaqələrimiz daha da möhkəmlənib və Azərbaycan iqtisadiyyatı şaxələndikcə bu əlaqələr günü-gündən inkişaf etməkdə davam edir. Təkcə onu demək kifayətdir ki, ölkələrimiz arasında ötən ilin iqtisadi göstəriciləri illik müqayisədə 20,7 faiz artıb.

- İki ölkə arasındakı ticarətin artım potensialını necə qiymətləndirirsiniz? İqtisadi əməkdaşlıq daha hansı sahələri inkişaf etdirə bilər?

- Azərbaycan-Britaniya münasibətlərinin gələcək inkişafı işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, iqtisadiyyatın şaxələndirilməsi ilə birgə karbohidrogenlərə əsaslanan iqtisadiyyatdan bərpa olunan enerjiyə keçidlə bilavasitə bağlıdır. Bu istiqamətdə Britaniya-Azərbaycan Ticarət Palatasının fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Məndə olan məlumata görə, Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların aşkarlanması üzrə lider mövqedədir. Bu istiqamətdə istifadə olunan müasir sistemlər və texnologiyalar vasitəsilə 1,5 milyon minanın aşkarlanması və Azərbaycanın minalardan təmizləmə qrupları üçün müvafiq təlimlər həyata keçirilir.

Bununla bərabər, Böyük Britaniyanın tikinti şirkətlərinin azad edilmiş ərazilərdə yeni binaların layihələndirilməsi və inşası üçün kifayət qədər potensialları var. Onlar, həmçinin, bir çox bərpaolunan enerji texnologiyalarının təmin olunmasında yüksək təcrübəyə malikdirlər. Bundan əlavə, “BP Azərbaycan” karbohidrogenlərin bir çox Avropa ölkələri üçün iqtisadi və humanitar rol oynayan Cənub Qaz Dəhlizi vasitəsilə qiymətləndirilməsi, işlənməsi və istismarında çox fəal iş aparır.

Böyük Britaniyanın tikinti şirkətlərinin azad edilmiş ərazilərdə yeni
binaların layihələndirilməsi və inşası üçün kifayət qədər potensialları
var. Onlar, həmçinin, bir çox bərpaolunan enerji texnologiyalarının
təmin olunmasında yüksək təcrübəyə malikdirlər

- Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində və qeyri-neft sektorunun inkişafında necə iştirak edə bilər?

- Bildiyiniz kimi, Birləşmiş Krallığın iqtisadiyyatı karbohidrogenlərə əsaslanmır, buna görə də qeyri-enerji sektoru ilə bağlı məsləhət xidmətləri və müasir texnologiyanın təmin edilməsi üzrə daha çox ixtisaslaşıb. Buraya səmərəli kənd təsərrüfatı istehsalı və daşınması da daxildir. Bundan əlavə, ölkəmiz Azərbaycanın Cənubi Qafqazda IT mərkəzinə sahib olmasına, nəticə etibarilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün iş yerləri mənbəyinə çevrilməsinə kömək edir.

Turizm Britaniya iqtisadiyyatının əsas sektorlarındandır və bu baxımdan, Azərbaycana bu sahə üzrə məsləhət və praktiki yardım göstərə bilərik. Bizim şirkətlər, həmçinin, yolların və binaların layihələndirilməsi, tikintisi, yenidən qurulması və bərpası ilə məşğul olurlar. Bundan başqa, Azərbaycan xidmət sektoruna doğru irəlilədikcə Britaniya bank sektorunun və əlaqədar peşəkar xidmətlərin inkişafı ilə bağlı da öz töhfəsini verə bilər.

- Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə əlaqədar ticarət əlaqələrinin yenidən tənzimlənməsinə ehtiyac var. Bu, Azərbaycanla münasibətlərdə özünü necə göstərir?

- Şəxsən mən “Brexit” və onun Böyük Britaniya iqtisadiyyatına ümumi təsirinin əleyhinə olsam da, hesab edirəm ki, bu, ölkəmizə Aİ üzvlərinə istinad etmək tələbi olmadan Avropa məkanından kənar dövlətlərlə əlaqələri gücləndirməyə imkan verir. Bu baxımdan, ölkələrimiz arasında idxal və ixracın, xüsusən də vergi və rüsumların səmərəliliyini artırmaq üçün müvafiq qanunvericilik mövcuddur. Britaniya şirkətləri və sahibkarları üçün də Azərbaycanda biznes açmaq asandır.

COP-29-a ev sahibliyi etmək Azərbaycan və
dünya üçün əvəzsiz əhəmiyyət kəsb edir

- Bildiyiniz kimi, Azərbaycan bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Sizcə, dünyada iqlim dəyişikliyi mövzusu nəyə görə bu qədər aktualdır?

- Sözsüz ki, COP-29-a ev sahibliyi etmək Azərbaycan və dünya üçün əvəzsiz əhəmiyyət kəsb edir. Birincisi, iqlim dəyişikliyi bütün dünyaya və onun sakinlərinə ciddi təsir edən faktordur. İkincisi, bu mötəbər tədbirin Bakıda keçirilməsi onu nümayiş etdirir ki, sərvəti və müstəqilliyi uzun illər karbohidrogenlərin işlənməsindən qaynaqlanan Azərbaycan iqlim dəyişikliyindən narahatdır və bununla mübarizə üçün real tədbirlər görür. Bu, həmçinin, ölkənizin bütün dünya mətbuatına və siyasətçilərinə açıq olduğunu nümayiş etdirir.

Onu da xüsusi vurğulamaq lazımdır ki, Ermənistanın bu tədbirlə bağlı loyallığı sülh prosesi istiqamətində çox müsbət addımdır. Bütün bunlarla yanaşı, əminəm ki, COP29-a ev sahibliyi etmək Azərbaycanın öz mədəniyyətini, tarixi ənənələrini, memarlığını, musiqisini və tolerantlığını, xüsusilə Qarabağla bağlı haqlı mövqeyini dünyaya nümayiş etdirmək baxımından çox önəmli faktordur.

Tamilla Məmmədova

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?