Pərviz Heydərov: "Sahibkarlara güzəştlər iqtisadi aktivliyə stimul olacaq"
“İşğaldan azad olunan ərazilərdə görülən işlərə müxtəlif istiqamətlərdə güzəştlərin tətbiqi həmin ərazilərin mövcud iqtisadi potensialını ölkə iqtisadiyyatına inteqrasiya etmək və bu potensialdan maksimum səviyyədə istifadəyə nail olmaq məqsədi daşıyır. Bu da ölkə iqtisadiyyatının inkişafına yeni əlavə töhfə vermək və iqtisadi artımımızda, ümumi daxili məhsul istehsalında yeni nəticələr əldə etməyə hesablanıb”.
İqtisadçı ekspert Pərviz Heydərov “vergiler.az”a açıqlamasında belə deyib. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərin çox böyük iqtisadi potensialı var və bu, ölkə iqtisadiyyatının inkişafına əlavə 40 faiz həcmində güc qatmaq imkanına malikdir: “Bu o deməkdir ki, işğaldan azad olunan ərazilərin iqtisadi potensialından istifadə etməklə biz bugünkü ümumi daxili məhsul istehsalına əlavə olaraq 40 faizə qədər güc qata bilərik və əlavə artım əldə edə bilərik. Hökumətin də əsas hədəfi məhz buna nail olmaqdan ibarətdir. Bilirsiniz ki, hələ 2021-ci ilin yanvar ayından başlayaraq, həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə diqqət yetirilir. Çünki, ilk növbədə, bu ərazilərdə müvafiq iqtisadi fəaliyyətin təmin olunması üçün infrastrukturun qurulması lazımdır və 2021-ci ildən başlayaraq hər il bu ərazilərdə yenidənqurma və bərpa işlərinə dövlət büdcəsindən 2 milyard manatdan çox vəsait ayrılır. İndiyə qədər bu ərazilərdə bərpa işlərinin yerinə yetirilməsinə, infrastrukturun yaradılmasına 7 milyard manatdan çox pul xərclənib”.
P.Heydərovun sözlərinə görə, hökumət həm bizneslərin kreditləşdirilməsi, həm də vergi və digər güzəştlərin tətbiqi ilə inkişafa stimul yaradır: “Bu proses hələ davam edəcək və bu ildən dövlət büdcəsindən xərclənən vəsaitlər 10 milyard manatı ötəcək. Bununla yanaşı, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində sahibkarların biznes kreditlərinə dövlət zəmanəti və subsidiyanın verilməsi də iqtisadi aktivliyə stimul olacaq. İşğaldan azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Həmçinin sahibkarlar bu kreditlər üzrə subsidiyadan yararlana bilərlər”.
Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətlənməsinə dəstək məqsədilə həyata keçirilir. Bununla dövlət və sahibkarlar arasında qarşılıqlı etimad və əməkdaşlıq mühiti inkişaf etdirilir. Azad edilmiş ərazilərdə iqtisadi reinteqrasiya və biznesin dirçəldilməsi yönündə nəticəyönümlü tədbirlər həyata keçirilir, dövlətin dəstək və güzəşt mexanizmləri tətbiq olunur.
P.Heydərov onu da deyib ki, Sahibkarlığın İnkişaf Fondunun yaratdığı imkandan əlavə, özəl sektorun resurslarından da istifadə etməklə qısa müddətdə həmin ərazilərdə əhalinin məskunlaşması, məşğulluğun təmini, yeni iş yerlərinin açılması və Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mövcud potensialından tam mənada istifadə etməyə nail olmaq mümkün olacaq.
Fərqanə ALLAHVERDİQIZI