8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlkin İbrahimov: “Sığorta şirkətləri şəffaflıq olmayan obyektlərdə malların sığortalanmasına maraq göstərmirlər”

“Sığorta şirkətlərinin sahibkarların daşınar əmlaklarını sığorta etməsi vergi və gömrük bəyannamələrindən asılıdır. Əgər sahibkarlar aldıqları malları doğru şəkildə bəyan edərlərsə, həmin məhsullar üzrə sığorta haqqı müəyyən edilə bilər. Sığorta şirkətinin həmin sənədi tələb etməsinin əsas səbəbi də budur”. Bu fikri “vergiler.az”a açıqlamasında hüquqşünas, sığorta eksperti İlkin İbrahimov səsləndirib.

Ekspertin sözlərinə görə, sahibkarlar sığorta üçün tələb olunan sənədlər barədə məlumatsız olduqları üçün bu prosesdən yan keçirlər, yanğın və digər hadisələr baş verdikdə isə mallarını itirirlər: “Daşınar əmlaklara görə sığorta haqqı gömrük və vergi bəyannamələrinə uyğun şəkildə tərtib olunmalıdır. Tutaq ki, bazara daxil olan əmlak 1 milyon manat dəyərindədir və həmin məbləğdə sığortalanır, ona uyğun sığorta kompensasiyası müəyyən edilir. Yəni sığorta hadisəsi baş verdikdən sonra dəymiş ziyanın məbləği nə qədərdirsə, sığorta şirkəti onu qarşılaya bilər. Ancaq bunun üçün sahibkarlardan 3 sənəd tələb olunur: daşınmaz əmlakın, yəni ümumi obyektin sığortası, yanğın təhlükəsizliyi aktı və sahibkara məxsus daşınar əmlaklar barədə gömrük və vergi bəyannamələri. Bu sənədlər olmadıqda sığorta şirkətləri haqlı olaraq həmin sahibkarın əmlaklarını sığortalamaqdan imtina edirlər. Çünki orada risklər daha çox olur”.

“İcbari sığortalar haqqında” Qanuna əsasən, daşınmaz əmlakların sığortalanması məcburidir. Qeyri-yaşayış sahələrinin icbari sığortasına Fövqəladə Hallar Nazirliyinin nəzarət etdiyini xatırladan İ.İbrahimov əmlak sahiblərinin obyektləri məcburi qaydada sığortalamalı olduğunu vurğulayıb: “Digər tərəfdən, sahibkarlar müəyyən məsələlərdə işlərini düzgün qurmurlar. Onların fəaliyyətlərində şəffaflıq olmadığına görə, sığorta şirkətləri həmin obyektləri və oradakı daşınar əmlakları sığortalamaqdan çəkinirlər”. Bununla yanaşı, sığorta şirkətlərinin rəqabət apardığı obyektlər də mövcuddur. İ.İbrahimov qeyd edib ki, yanğın təhlükəsizliyinə və icbari sığorta qaydalarına əməl edən iri ticarət mərkəzlərində sığorta şirkətləri daha aşağı qiymətlər də təklif edə bilirlər: “Məsələn, sənədləri qaydasında olan sahibkarların malları da sığortalanır. Hətta sığorta şirkətləri həmin obyektlərdə bir-biri ilə rəqabətdədirlər. Endirimlər edilir ki, rəqabət olsun, sığortalanma daha yaxşı formada aparılsın. Belə olduqda, gələcəkdə sığorta hadisələri zamanı ödənişləri də daha uyğun formada həyata keçirə biləcəklər. Şəffaflıq olmayan obyektlərə isə sığorta şirkətləri getmirlər. Bu da sahibkarların iri məbləğlərdə itkilərinə səbəb olur”.

İ.İbrahimov mallarını sığorta etdirmək istəyən sahibkarlara tövsiyələrini də açıqlayıb: “Sahibkarlar öncə fəaliyyət göstərdikləri obyektlərin sahibindən onun sığorta ilə bağlı sənədlərini və icarə müqavilələrini tələb etməlidirlər. Əgər bu sənədlər onlara təqdim olunmursa, həmin obyektlərdə işləməsinlər. Yanğın təhlükəsizliyi aktını, vergi və gömrük bəyannamələrini isə özləri əldə etməlidirlər. Sənədləri qaydasında olsun ki, sabah sığorta hadisəsi baş verdikdə sığorta kompensasiyası ala bilsinlər”.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?