“Qlobal İnnovasiya İndeksi - 2023” dərc olunub
132 ölkəni əhatə edən, Kornel Universiteti (ABŞ), INSEAD Biznes Məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) sayca 16-cı birgə nəşri - 2023-ci il Qlobal İnnovasiya İndeksi (Qİİ) ÜƏMT-də təqdim edilib. Qlobal İnnovasiya İndeksi 2007-ci ildən dərc olunur.
İqtisadiyyat Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə məlumatına əsasən, cari ilin Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialı, səmərəliliyi və çərçivə şərtlərini əhatə edən 81 indikator əsasında tərtib edilib. Təhlil edilən indikatorlar qanunvericilik, elm və təhsildən tutmuş bazar, biznes, infrastruktur və s. məsələlərin inkişafına qədər geniş məlumatlar dairəsini ehtiva edir. Qİİ-nin dərc edilməsinin əsas məqsədi ölkələrin innovasiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsindən ibarətdir.
Qİİ-2023 reytinqi innovasiya fəaliyyətinin iki əsas - "innovasiya resursları" və "innovasiya nəticələri" alt indeksinlərinə daxil olan 7 qrup indikatordan ibarətdir.
"İnnovativ resurslar" alt indeksi: 1- təsisatlar; 2 - insan kapitalı və elm; 3 - infrastruktur; 4 - daxili bazarın inkişafı və 5 - biznesin inkişafı olmaqla beş qrupa bölünməklə, ölkələrin iqtisadiyyatının elementlərini dəyərləndirməyə imkan verir.
"İnnovativ nəticələr" alt indeksi: 6 - bilik və texnologiyaların yayılması və 7 - kreativ fəaliyyətin nəticələri adlı iki qrupa bölünməklə, innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir.
2023-cü ilin Qİİ-nin lideri İsveçrədir, onun ardınca İsveç, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Sinqapur gəlir. Ən innovativ ölkələrin ilk onluğuna eləcə də Niderland, Koreya, Almaniya, Finlandiya və Danimarka daxildir. Çin reytinqdə 12-ci yeri tutaraq ikinci onluğa daxil olub.
Postsovet ölkələri arasında ən yaxşı göstəricilər Estoniyada - 16-cı yer, Litvada - 34-cü yer və Latviyadadır - 47-ci yer. Rusiya 51-ci yerdədir.
2023-cü ilin reytinqində Azərbaycan 2022-ci illə müqayisədə göstəricilərini dörd pillə yaxşılaşdıraraq 89-cu yerdə qərarlaşıb. Eyni zamanda, qeyd olunmalıdır ki, əgər ötən il Azərbaycan 90-cı yerdən başlayan müqayisəli göstəricilərə malik dövlətlər qrupunda qərarlaşmışdısa, 2023-cü ildə - 85-ci yerdən başlayan dövlətlər qrupundadır.
2023-cü ildə Azərbaycanın “innovasiya resursları” alt indeksi üç pillə yaxşılaşaraq 76-cı yerdədir. "İnnovativ resurslar" alt indeksi üzrə Azərbaycan reytinqdə postsovet dövlətləri məkanında Ukraynanı (78), Moldovanı (81), Ermənistanı (83), Belarusu (88), Qırğızıstanı (94), Tacikistanı (109) qabaqlayır. Bununla belə, ölkənin “innovasiya nəticələri” alt indeksi “innovasiya resursları” alt indeksindən 28 bənd aşağıdır (geridir).
Azərbaycanın güclü tərəfləri kimi Qİİ-nin tərtibatçıl-ekspertləri dövlət idarəetmə orqanlarının rolunu əks etdirən İnstitutlar bloku qeyd edilir. İnstitutlar bloku bu siyahıda - yüksək 42-ci yeri tutur.
İnstitutlar blokunda Azərbaycan postsovet məkanında Özbəkistanı (55), Qazaxıstanı (61), Ermənistanı (69), Tacikistanı (90), Moldovanı (96), Ukraynanı (100), Rusiyanı (110), Qırğızıstanı (122), Belarusu (128) qabaqlayır. Bu blokda “institusional mühit” istiqamətini - 54-cü yer, eləcə də ötən illə müqayisədə 23 pillə yaxşılaşan “hökumətin səmərəliliyi” göstəricisini - 58-ci yeri qeyd etmək lazımdır. Bu blokda “biznes mühiti” (17-ci) və "biznesin aparılması siyasəti" (22-ci) indikatorları yüksək yerlər tuturlar.
Azərbaycan “insan kapitalı və elm bloku” üzrə MDB ölkələri Özbəkistanı (89), Ermənistanı (92) və Tacikistanı (99) qabaqlayaraq, reytinqdə 87-ci yeri tutub. Bu il Azərbaycan təhsil inteqral göstəricisi üzrə 76-cı yerdə qərarlaşıb ki, bu da ötən illə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistanı (93) qabaqlayır. Bu blokda yüksək yerləri “tələbə-müəllim nisbəti” - 17-ci, “tələbələrə dövlət sərmayəsi” - 28-ci, “tədqiqatçılar” 44-cü yer, “elm və texnologiya sahəsi üzrə məzunlar” 47-ci yer indikatorları tutur. “Tədqiqat və inkişaf” üzrə inteqral göstərici 2022-ci ildəki 76-cı yerdən 2023-cü ildə 73-cü yerə yüksələrək öz mövqeyini yaxşılaşdırıb.
“İnfrastruktur” blokunda ötən illə (71) müqayisədə “elektrik enerjisinin istehsalı” göstəricisi 4 pillə yaxşılaşıb - 67-ci yer.
Daxili Bazarın İnkişafı bloku üçün göstəricilərin əhəmiyyətli hissəsi üzrə məlumat reytinqdə əksini tapmayıb.