14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eldəniz Əmirov: “Yeni nəsil NKA-lar iqtisadiyyatın şəffaflaşması və sağlam rəqabətin formalaşmasına töhfə verir”

İqtisadiyyatın “ağardılması”nda ən vacib şərtlərdən biri də dövriyyənin şəffaflaşdırılmasıdır. Bu fikri “vergiler.az”a açıqlamasında iqtisadçı Eldəniz Əmirov səsləndirib. Onun sözlərinə görə, dövriyyənin şəffaflaşdırılmasında həm nağdsız ödənişlər, həm də yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılması çox vacibdir: “Hələ bir neçə il əvvəl yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsinə qərar verilməsini məhz şəffaflaşdırma istiqamətində uğurlu addım kimi qiymətləndirmək olar. Hesab edirəm ki, həmin qərar bu istiqamətdə bir dönüş nöqtəsi idi. Xidmət və mal təqdim edən subyektlərin yeni nəsil NKA-lar ilə təmin olunması prosesi artan xətlə getdikcə onların dövriyyəsi də artır. Bu isə şəffaflaşmanın artması deməkdir”.

E.Əmirov yeni nəsil NKA-ların iqtisadi subyektlər arasında nizamlı davranış vərdişlərinin formalaşması və sağlam rəqabət yaranması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb və statistik göstəricilərin artan dinamikasını xatırladıb: “Biz həm yeni nəsil NKA-ların quraşdırılmasında, həm dövriyyədə olan artım dinamikasını müqayisəli təhlil etsək, görərik ki, vəziyyət qənaətbəxşdir. Belə ki, bu ilin may ayının 1-nə qədər 88 min 454 ədəd yeni nəsil NKA quraşdırılıb. Avqustun sonunda bu rəqəm 92 min 588 ədəd olub. Bu isə onu deməyə əsas verir ki, ortalama bir ay ərzində mindən çox yeni nəsil NKA quraşdırılıb”.

E.Əmirov bunun, eyni zamanda, Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmalarının artmasına töhfə verdiyini bildirib. Belə ki, 2023-cü ilin yanvar-iyul ayları ərzində Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 2,1 milyard manat artıb. Qeyri-neft-qaz sektorunda isə daxilolmalar 6,2 milyard manat təşkil edib ki, burada yeni nəsil NKA-ların rolu çox böyükdür: “Yeni nəsil NKA-ların rolunu iqtisadiyyatın şəffaflaşdırılmasına xidmət edən ən böyük innovativ “ƏDV geri al” layihəsində də görürük. Məhz həmin layihənin uğur qazanması üçün ən yaxşı vasitələrdən biri də bu kassa aparatlarından istifadədir. Təsəvvür edin ki, 2023-cü il avqust ayının 1-nə olan statistikaya görə, “ƏDV geri al” layihəsi çərçivəsində 1 milyarddan çox kassa çeki üzrə istehlakçılara yarım milyard manatdan artıq vəsait qaytarılıb. “ƏDV geri al” layihəsi sözün həqiqi mənasında bir çox aspektlərdən vergi daxilolmalarına və iqtisadiyyatın “ağardılması”na, eyni zamanda, nizam-intizamın, vergi mədəniyyətinin formalaşmasına xidmət edir. Bunun töhfələrini yalnız rəqəmlər üzərində deyil, rəqəmlə ifadə olunmayan digər istiqamətlərdə də görmək olur”.

Bu prosesi davam etdirməyin vacibliyini vurğulayan E.Əmirov bütün vergi ödəyicilərinin yeni nəsil NKA-lar ilə təchiz edilməsinin zəruri olduğunu deyib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?