9 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar Konfederasiyası Vergilər Nazirliyi ilə sıx əməkdaşlıq edir

Bakıda keçirilmiş III Milli Mühasiblər Forumunda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev sahibkarların maliyyə savadının artırılması istiqamətində görülən işlərdən danışaraq bildirib ki, rəhbərlik etdiyi qurum dövlət-özəl sektor əməkdaşlığı vasitəsilə respublikamızda daha əlverişli biznes mühitinin yaradılması prosesində və dayanıqlı inkişafın təmin olunmasında fəal iştirak edir: "Biz Banklar Assosiasiyası ilə birgə sahibkarların çoxsaylı müraciətlərini nəzərə alaraq, "Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklərin edilməsini təklif etmişdik və bu yaxınlarda Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş yeni Qaydalarda həmin təkliflər nəzərə alınmışdır. Sahibkarlığın inkişafına verdiyimiz daha bir töhfə isə məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi ilə bağlıdır".

M.Musayev qeyd edib ki, Sahibkarlar Konfederasiyası maliyyə hesabatlarının hazırlanmasında və təqdim olunmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatası ilə sıx əməkdaşlıq edir, sahibkarlıq subyektlərinin mühasiblərini vaxtaşırı bu mövzularda keçirilən təlimlərə cəlb edir: "Bu gün Konfederasiya Maliyyə Bazarlarına Nəzarət Palatası və Bakı Fond Birjası ilə birgə sahibkarlara qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə imkanları haqqında maarifləndirici tədbirlər keçirir. Heç kəsə sirr deyil ki, kapital bazarları vasitəsilə maliyyələşmənin əsas tələblərindən biri maliyyə hesabatlığının, şəffaflığın və məlumatların açıqlanmasını təmin etməkdir".

M.Musayev bildirib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası Vergilər Nazirliyi ilə də sıx əməkdaşlıq edir: "Konfederasiya sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, orta və kiçik sahibkarlığın inkişaf etdirilməsinə yönəlmiş vergi qanunvericiliyinə dair təkliflər irəli sürür. Bu gün Azərbaycan sahibkarları dövlətimiz tərəfindən bir çox vergi güzəştləri ilə əhatə olunmuşlar. Vergi amnistiyası haqqında qanunun tətbiqi ilə minlərlə sahibkarın faiz və maliyyə sanksiyasına görə hesablanmış borcu silinmişdir. Hazırda Azərbaycan Respublikası Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü mövcuddur. Bununla yanaşı, xarici dövlətlərlə aparılan əməliyyatlarda ikiqat vergitutma aradan qaldırılmışdır".

Qeyd olunub ki, sayca üçüncü Milli Mühasiblər Forumunun keçirilməsi və bu tədbirə marağın böyük olması Vergilər Nazirliyi ilə uğurlu əməkdaşlığın nəticəsidir: "Gələn forumu daha geniş formatda təşkil etmək istəyirik. Hesab edirəm ki, belə tədbirlərin davamlı keçirilməsi sahibkarların maliyyə və vergi hesabatlarının hazırlanması zamanı ortaya çıxan bir çox suallara cavab tapmaqda kömək olacaqdır".


Fəxriyyə İKRAMQIZI

VergiXarici ölkədə ödənilmiş vergilər Azərbaycanda nəzərə alınırmı? VergiFiziki şəxsin vergi orqanında uçota alınması vaxtı VergiQeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır? VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır? VergiXarici ölkədə gəlir əldə edən şəxs VÖEN almalıdırmı? VergiXaricdə əldə edilən gəlirlərin vergiyə cəlb olunması VergiYerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır? VergiMənzil alarkən ƏDV-nin bir hissəsi hansı qaydada geri qaytarılır? VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi?