14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnflyasiya və qiymətlər üzrə monitorinq gücləndiriləcək

Baş nazir Əli Əsədov “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, son dövrdə inflyasiya proseslərinin aktivləşməsi qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan birinə çevrilib. Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir.

Ölkədə inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini nəzərə alaraq, qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün mühüm işlər görülüb. Bu istiqamətdə həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaradıb.

Bununla belə, ölkədə inflyasiyaya təsir göstərən faktorların müəyyən olunması, qiymət dinamikasının monitorinqi və təhlil sisteminin daha da gücləndirilməsi, bu istiqamətdə sıx koordinasiya çərçivəsinin formalaşdırılması iqtisadi artımı və sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunması baxımından vacibdir.

Ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb:

İşçi qrupun rəhbəri:

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri

İşçi qrupun üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru.

İşçi qrupuna tapşırılıb ki, ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?